Yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda aidiyyəti dövlət qurumları tərəfindən koordinasiyalı şəkildə müvafiq zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
-------
20:00
Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb.
Milli.Az Report-a istinadən xəbər verir ki, İsmayıllı rayonuna yağan güclü leysandan sonra dağlardan gələn sel suları Göyçay rayonunda fəsadlara səbəb olub.
Bu gün saat 17:30 radələrində Göyçayın Qaraməryəm kəndini sel basıb, evlər, obyektlər su altında qalıb. Dağlıq ərazidə yerləşən Qaraməryəm kəndi ərazisindəki xırda balıqçılıq göllərinin daşması nəticəsində sel suları Bakı-Şamaxı-Yevlax yolunu bağlayıb. Magistral yolda nəqliyyatın hərəkəti yarım saatdan çox dayanıb. Bir neçə avtomobil yoldakı qalın lil qatında batıb, sel sularının təsiri nəticəsində 3 avtomobilə ziyan dəyib.
Hazırda yolun lildən təmizlənməsi və nəqliyyatın hərəkətinin təmin olunması üçün işlər görülür.
Milli.Az