Neftçalada intihar edən qadının məktubu tapılıb.
Lent.az həmin məktubun mətnini əldə edib. Əldə etdiyimiz məlumata görə, özünü öldürən Neftçalanın Xəzər kənd sakini 47 yaşlı Qızqayıd Xəlilova intihar etməzdən əvvəl yazdığı məktubda "Mənsiz həyatınızda xoşbəxtlik arzulayıram", deyə qeyd edib. Həmçinin mərhumun meyitində xəsarət izləri aşkarlanıb. Lakin həmin izlərin döyülmə nəticəsində yaxud başqa səbəbdən yaranması hələlik bilinmir.
Hazırda iş üzrə ekspertiza təyin edilib. Ekspertizadan sonra həmin xəsarətlərin nədən əmələ gəldiyi üzə çıxacaq.
Sosial şəbəkədə yayılan iddialara görə isə Q. Xəlilova mütəmadi olaraq əri tərəfindən döyülürmüş. Hətta onun hadisədən bir gün əvvəl də gecə səhərə qədər döyüldüyü bildirilir.
Qeyd edək ki, Xəlilova Qızqayıd Alı qızı yaşadığı evin həyətindəki metal borudan özünü asaraq, həyatına son qoyub. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az