Göygöldə keçirilən III Milli Yaylaq Festivalı başa çatıb.
Publika.az xəbər verir ki, Xan yaylağında keçirilmiş festival üç gün davam edib.
Möhtəşəm konsert proqramı ilə başa çatan festival iştirakçılarının böyük alqışını qazanıb.
Xatırladaq ki, Milli Yaylaq Festivalında cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr mövcud idi.
Festival çərçivəsində genişmiqyaslı el şənlikləri nümayiş edilib. Festivalda yerli təmsilçilərlə yanaşı, xaricdən də çoxsaylı qonaqlar iştirak edib.
Qeyd edək ki, festival ilk olaraq 2019-cu ildə Gədəbəy rayonunda, daha sonra 2022-ci ildə Göygöl rayonunda keçirilib. Bu, Göygöl rayonunda keçirilən ikinci Milli Yaylaq Festivalıdır.