Bakı Ağır Cinayətlər Məhkəməsində falçı adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayətə işi üzrə məhkəmə prosesi başlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf mülki iddia qaldırıb. O bildirib ki, təqsirləndirilən şəxs ona ümumilikdə 115 min manat ziyan vurub, həyat yoldaşına isə 34 min manat mənəvi zərər dəyib. Ümumilikdə ailəyə 150 min manat maddi və mənəvi ziyan dəyib.
Daha sonra prosesdə ittiham aktı elan olunub. G. Qasımova özünü ittihamlarda təqsirli bilib.
İş üzrə məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində bir ailəyə falçı olduğunu bildirib və qeyri-adi güc vasitəsilə onlara üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstərəcəyini deyib.
Günəş Qasımova aldatma yolu ilə zərərçəkənlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham olunur.
Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar.
Milli.Az