Yanvarın 2-i, axşam saatlarında Xaçmazda ağır yol-nəqliyyat hadisəsinin baş verməsi barədə yayılan məlumat təsdiqini tapmayıb.
Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinə (DİN), Fövqəladə Hallar Nazirliyinə (FHN), Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət edən şəxs Hacıhüseynli kəndi ərazisində avtomobilin yük maşınına çırpılması barədə xəbər verib.
Qəza nəticəsində xəsarət alan şəxslərin olduğunu deyərək kömək istəyib. Qısa vaxt sonra deyilən əraziyə operativ qruplar cəlb edilib.
Ərazidə aparılan müşahidələr və yoxlamalar zamanı heç bir qəzanın baş vermədiyi, daxil olan məlumatın həqiqəti əks etdirmədiyi məlum olub.
Bəs belə olan halda dövlət qurumlarına yalan məlumat vermək və əməkdaşları boş yerə məşğul etməyin cəzası varmı?
Hüquqşünas Hikmət Əliyev bildirib ki, yalan məlumatla Yanğından Mühafizə və polis orqanlarını, təcili yardım və digər ixtisaslaşmış xidmətlərin çağırılması İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, inzibati xəta hesab edilir:
“Bundan əlavə, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik edilməsi Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən, cinayət məsuliyyəti hesab edilir”.
Qeyd edək ki, dövlət qurumlarına yalan məlumat verən şəxsin kimliyinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Ətraflı Baku TV-nin süjetində: