Bakının Səbail rayonunun Nigar Rəfibəyli küçəsi və Əhməd Cavad küçələrinin kəsişməsində (Fəvvarələr Meydanı) qanunsuz tikilmiş qeyri-yaşayış obyekti sökülüb.
Publika.az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin obyektlə bağlı daxil olmuş sorğu əsasında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirib. Bu zaman ərazidə özbaşına tikinti faktı təsdiqlənib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından ötən gün axşam saatlarında özbaşına tikintinin Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq qaydada söküntüsü təmin edilib.