21:30
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Sumqayıtda partlayışda xəsarət alan 4 nəfərdən 3-nün vəziyyəti orta ağırdır.
Bu barədə TƏBİB məlumat yayıb.
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.
1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.
Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.