Sinqapura səfəri zamanı Zelenski Asiya regionunun diqqətini Ukraynaya cəlb etməyə çalışıb, lakin onun cəhdləri uğursuz alınıb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Qeyd olunur ki, Zelenski Asiyanın avtokratiyaya qarşı, demokratiya uğrunda mübarizə aparan Ukraynaya birləşməsinin lazım olduğu fikrini irəli sürmək istəyib. Material müəlliflərinin fikrincə, bu plan əvvəldən məhvə məhkum olub və problem ondadır ki, Zelenski Asiya yardımına ehtiyac olduğunu çox gec dərk edib.
"Bloomberg" bütün bunlarda ən mühüm oyunçunun Çin olduğuna diqqət çəkib. Ağ Ev administrasiyasının bəyanatlarını təkrarlayan Zelenski iddia edir ki, Pekin Moskvanı xüsusi hərbi əməliyyat üçün hərbi texnika ilə təmin edir.
Agentliyin bildirdiyinə görə, bu cür bəyanatlar çətin ki, Kiyevi Asiya dövlətlərinə sevdirsin, çünki onların əksəriyyəti öz iqtisadi gələcəyini qurmaq üçün Çindən asılıdır.
Materialın müəllifləri qeyd ediblər ki, Zelenskinin diqqəti sərhədlərin toxunulmazlığı ideyasına yönəltməsi daha yaxşı olardı. Çünki bu mesaj Filippin, Sinqapur və Şərqi Timor kimi regionun kiçik dövlətləri tərəfindən yaxşı başa düşülür.
"Axı, İsveçrədə iyunun 15-16-da keçirilməsi planlaşdırılan sülh konfransında iştirak etməyə razılıq verən bu dövlətlər ərazi bütövlüyünə təhlükə yarada biləcək böyük bir ölkədən ən böyük təhlükə ilə üz-üzədir", - materialda qeyd olunur.
Adəm Abbaslı