Bir neçə ay əvvəl Novxanı qəsəbəsində Nurəhməd Məmmədovun bıçaqlanması ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə N.Məmmədovun qayınatası, 1964-cü il təvəllüdlü Səttar Süleymanov təqsirləndirilib. Ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən 2 gün əvvəl N.Məmmədovun oğlu dünyaya gəlib. Bununla əlaqədar martın 8-də N.Məmmədov, onun qardaşı, həmçinin qayınatası və qayınanası xəstəxanaya gedərək həyat yoldaşını oradan çıxarıblar. Yeni doğulmuş körpə ilk olaraq ana babasının evinə aparılıb. Burada S.Süleymanov nəvəsinin doğulması münasibətilə qurban kəsib.
Bu zaman N.Məmmədov həyat yoldaşına əsəbiləşərək atası evindəki işləri tez yekunlaşdırmasını və birgə öz evlərinə getməsini bildirib. Nəticədə ailədə dava-dalaş düşüb. N.Məmmədov onun sözlərinə müdaxilə edən qayınanası ilə dalaşmağa başlayıb. Bunu görən S.Süleymanov kürəkəninə irad bildirib. Nəticədə kürəkən qayınatasına yumruq vurub. Döyüldüyünü görən 60 yaşlı kişi nəvəsinin doğulması münasibətilə tort kəsərkən istifadə edilən bıçağı götürərək Nurəhmədə zərbə endirib.
Bıçaqlanan şəxs qardaşının köməyi ilə xəstəxanaya çatdırılıb.
Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Məhkəmədə bıçaqlanan şəxs qayınatası ilə barışdığını və ondan şikayətçi olmadığını deyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Süleymanova 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzası 1 il sınaq müddəti verilməklə şərti hesab edilib.
Turqut Seyidov