Yaponiya Aya yumşaq eniş etməyə cəhd edəcək. Bu enişin Ayın tədqiqində mühüm rol oynayacağı bildirilib.
Publika.az xəbər verir ki, daha əvvəl Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən orbitə göndərilən SLIM adlı pilotsuz kosmik gəminin sabah Ay səthinə yumşaq eniş cəhdi edəcəyi açıqlanıb. Enişin təxminən 20 dəqiqə davam etməsi gözlənilir.
JAXA Aya daha çətin olan pilotsuz enişi həyata keçirərək, Yaponiyanın kosmos yarışında varlığını dünyaya sübut etməyi qarşısına məqsəd qoyub. Mütəxəssislər bildirirlər ki, SLIM Aya eniş missiyalarının xərclərini azaldaraq Ayın qapılarını bütün dünya üzrə kosmos təşkilatlarına aça bilər.
Yaponiya bu gəmini Aya endirməklə keçmiş Sovet İttifaqı, ABŞ, Çin və Hindistandan sonra Aya nəqliyyat vasitəsi endirən 5-ci ölkə olmağı hədəfləyir.
Qeyd edək ki, JAXA keçən ilin sentyabr ayında H2A raketi ilə SLIM gəmisini orbitə göndərib. Toplanan məlumatların 2025-ci ilə qədər insanları Aya qaytarmağı hədəfləyən ABŞ-ın rəhbərlik etdiyi Artemis layihəsində istifadə ediləcəyi açıqlanıb.
Roza Şəfiyeva