Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Publika.az-a verilən məlumata görə, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir.
Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70.4 km-dir.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 km-lik hissəsi I, 46.2-56.4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur.