“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyası bu gün Xəzər dənizinin Zirə qəsəbəsi sahilində təşkil olunub.
Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Xəzər rayon İcra Hakimiyyətinin, diplomatik korpus nümayəndələrinin, "NARGİS" jurnalının əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin və ekokönüllülərin iştirakı ilə 1,5 hektar ərazidən 500 kiloqrama yaxın tullantı yığılaraq ərazilərdən daşınıb.
Daha sonra Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi keçirilib.
ETSN-nin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, "EkoSfera" Sosial Ekoloji Mərkəzin və "Forest school Azerbaijan"ın dəstəyi ilə keçirilən, təkrar istifadənin və təkrar emalın təşviqi, həmçinin tullantıların azaldılması məqsədi daşıyan sərgidə tullantılardan sənət əsərlərinə çevrilən eksponatlar təqdim edilib, eyni zamanda tullantılardan müxtəlif əşyalar hazırlanaraq nümayiş olunub.