Gürcüstan parlamentinin həyətində səfərbər olunmuş Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları qanunverici orqanın xidməti girişinin qapılarını silkələməyə çalışan etirazçılara qarşı su və bibər qazından istifadə ediblər.
Publika.az TASS-a istinadən xəbər verir ki, polis daha sonra etirazçılara qarşı rezin güllələrdən istifadə edib.
Aksiyaçılar arasında yaralananlar var.
***
Gürcüstanda parlament binası yaxınlığında "Xarici agentlər haqqında" qanun layihəsinə qarşı etiraz aksiyasının iştirakçıları Tbilisinin mərkəzi küçələri ilə yürüş təşkil ediblər.
Publika.az xəbər verir ki, etirazçılar parlamentin, hökumət evinin, Xarici İşlər Nazirliyinin yerləşdiyi Tbilisinin Mtatsminda rayonundan keçərək Azadlıq meydanı istiqamətində hərəkət ediblər.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı bəyanata görə, qurum rəhbərliyi parlament binası ətrafından xüsusi təyinatlıları və polisi çıxarıb.
Qeyd edək ki, bu gün Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.