“Yalnız Tanrı gələrsə və mənə geri çəkilməyimi deyərsə, o zaman bunu edərəm”.
Publika.az xəbər verir ki, bu sözləri seçki yarışından çıxmağa məcbur olan ABŞ Prezidenti Co Bayden qərarından 16 gün əvvəl “ABC News” kanalına müsahibəsində deyib. Görünür, Tanrı getmək üçün Baydenin istədiyi işarəni göndərdi və o, tribunada söz deməyə çətinlik çəkdiyi kimi, geri çəkilmək faktı qarşısında da danışa bilmədi.
İyulun 27-dən bəri komandası Baydenin prezidentliyə layiq olduğunu sübut etmək üçün bütün yollara əl atır. Sözügedən müsahibə də bu məqsədlə təşkil olunmuşdu. Lakin heç nə dəyişmədi, tam əksinə, hər şey Bayden üçün daha da çətinləşdi. Baydenə inanmayanlar sırasına onun partiyadaşları da qoşuldular.
Əslində çıxışlarındakı normal olmayan davranışlar, qıraqdan çəkilmiş “gülməli” videolar nələrinsə düzgün getmədiyindən xəbər verirdi. Lakin debat sayəsində Baydenin uzun müddət ekran qarşısında qeyri-adekvat hərəkətləri suallara son qoymuş oldu. Əslində ABŞ xalqı da “taleyi ilə razılaşmışdı". Artıq 2 ən pis arasından nisbətən yaxşını seçməli olduqları həqiqətini qəbul etmişdilər.
Prezident olduğu 4 il ərzində Bayden getdiyi hər yerdə yıxılmağı ilə virtual məkana izləmə rekordları qıran videolar bəxş edib. İndi Bayden hər efir, media qarşısına çıxanda “yıxılır”. Məsələn iyulun əvvəlində NATO sammitində Ukrayna Prezidenti Vlolodimir Zelenskiyə səhvən Vladimir Putin deyir, və ya başqa vaxt vitse-prezident Kamala Harris yerinə, Donald Tramp deyir.
Baydenin hər çıxışından, görüşlərdən, tədbirlərdə iştirakından sonra “əyləncəli” videolar yayılır, insanları güldürür. İndi də “Tanrı gəlməzsə, geri çəkilmərəm” deyib, 16 gün sonra geri addım atması ilə özünü güldürdü. ABŞ-də artıq belə bir fikir formalaşıb: Amerikada uzun illər uğurlu siyasi karyerası olan siyasətçi sonunu bu şəkildə gətirərək özünü güldürməməli idi.
Baydenin səhhəti ABŞ gündəminin bir nömrəli mövzusuna çevrilib. Bu, debatdan əvvəl də belə idi. Lakin debatda göründü ki, o fikirlərini tamamlaya bilmir, fokusunu itirir, cümlələri qarışdırır və nə deyəcəyini unudur.
Bayden administrasiyası uzun müddətdir əsas missiyasını kənara qoyaraq Baydeni təmizə çıxarmaq istiqamətində vuruşur. Mətbuat katibi, şəxsi həkimi artıq bu oyunun fərdlərinə çevrilib. Mətbuat katibinin dəfələrlə Baydenlə bağlı yalan şərh verdiyi sübut edilsə də, o hər dəfə səhvi öz boynuna götürərək şounu davam etdirir. Həkim isə Baydendə açıq koqnitiv pozuntular olması ilə bağlı dünya həkimlərinin həyəcan təbili çalmasını görməzdən gələrək 81 yaşlı prezidentin tam sağlam olduğunu iddia edir.
Baydenin seçki mübarizəsindən geri çəkilməklə bağlı qərarından sonra koqnitiv funksiyalar üzrə ixtisaslaşmış neytrocərrah Brett Osbörn “Fox New”a bildirib ki, Prezident Baydendə uzun illərdir ki, koqnitiv pozğunluğun əlamətləri özünü göstərir. “Tibbi baxımdan çox güman ki, o, 2020-ci ildə vəzifəyə gələndə yüngül koqnitiv pozğunluq, Altsheymer xəstəliyinə keçid sindromu və potensial Parkinson xəstəliyindən əziyyət çəkib və neyrodegenerativ xəstəliklərə xas olduğu kimi, vəziyyət getdikcə daha da pisləşib”,- deyə neyrocərrah əlavə edib.
“Nevroloji nöqteyi-nəzərdən onun çaşqın şəkildə gəzməsi diqqətimizi cəlb edirdi. Onda cümlənin ortasında konsentrasiyanın qəfil itməsi, nitqin dayandırılması və üz hərəkətlərinin olmaması, bəzən açıq ağız ifadəsi müşahidə edilirdi. Mənimlə əlaqə saxlayan həkimlərin konsensusu ondan ibarət idi ki, prezident ətraflı idrak və hərəkət pozğunluğu testindən keçməyə təşviq edilməli və bu nəticələr ictimaiyyətə açıqlanmalıdır”. Bu sözləri isə CNN-in baş tibb müxbiri Sancay Qupta təxminən 2 həftə əvvəl yazıb.
Demokratlar Partiyasının təzyiqləri, Baydenin “özünü idarə edə bilməməsi” və hər çıxışından sonra gedən kəskin müzakirələr marionet Bayden adminisitrasiyasının COVID-19 şousunu yaratmasına gətirib çıxardı. Təxminən bir həftə əvvəl həkimləri onun virusa yoluxduğunu və evində özünü təcrid vəziyyətinə keçəcəyini açıqladılar. Sonuncu dəfə onun “Dover” aviabazasında təyyarədən enərkən çox çətinlik çəkdiyi açıq görünürdü. Ondan sonra seçki marafonundan çəkiləcəyini yazılı bəyan edən Bayden o vaxtdan ictimaiyyət arasına çıxmayıb.
Siyasət çox qəribə anlayışdır. Xüsusilə də ABŞ siyasəti. Burada heç bir addım, heç bir qərar təsadüfən verilmir. Heç bir sui-qəsd təsadüfən baş vermir. Bu belə olmasa da, belə mövzu çirkin ABŞ siyasəti ilə bağlıdırsa, heç kəsi əksinə inandırmaq mümkün deyil.
Baydenin seçki mübarizəsini apara bilməyəcəyi dəqiq idi və məntiqi nəticə olaraq komandası da təslim oldu və o, yarışdan çəkildi. Artıq Bayden-Tramp qarşıdurması tarix oldu. Demokratların növbəti namizədinin kim olacağı seçki prosesinin növbəti günlərində aydınlaşacaq.
Amma Baydenlə bağlı indi əsas sual budur: O, yaxın 5 ay ərzində ABŞ prezidenti vəzifələrini icra edə biləcəkmi? Şou komandası onu daha nə qədər ayaq üstə saxlaya biləcək?