Anadangəlmə hərbi xidmətə yararsız olduğu xidmətə göndərilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən 50 min manat təzminat tələb edir.
Publika.az Referans.az-a istinadən xəbər verir ki, Ağdam rayon sakini Cabir Cəfərov (ad-soyad şərti) iddia edib ki, anadangəlmə müxtəlif xəstəlikləri olmasına baxmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Şöbəsinin çağırış əmri ilə 2021-ci ildə hərbi xidmətə yararlı sayılaraq xidmətə göndərilib. Bir neçə ay hərbi xidmətdə olduqdan sonra səhətində yaranan problemlərə görə ordudan ehtiyata buraxılıb.
Cabir Cəfərov bildirib ki, 2021-ci ilin müvafiq dövründə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin sərəncamı ilə müayinəyə göndərilib, muayinə zamanı aşıq-qayıqvari oynaqların birinci mərhələ ilə fəsadlaşmış, sol ayağın üçuncü, sağ ayağın ikinci dərəcəli boylama yastıayaqlılığı, onurğa sütunun dos nahiyyəsinin əsası "th4" cismi olmaqla sağa doğru və bel nahiyyəsinin əsası "L3" cismi olmaqla sola doğru təsbit olunmamış birinci mərhələ skoliozu ilkin diaqnozu ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək həqiqi hərbi xidmətdən geri qaytarılıb.
Hərbi Həkim Komissiyasının xəstəlik haqqında şahadətnaməsindən görünür ki, o, xəstəliklər cədvəlinin 68c, 66ç maddəsinin 2-ci qrafası ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinməklə ehtiyyata buraxılıb. Cabir Cəfərov bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqsiri nəticəsində hərbi xidmətə çağırılıb.
Cabir Cəfərova sözügedən diaqnoz qoyulduqdan sonra hərbi xidmətə qəbul etməkdən imtina edilib və bu xəbəri eşitdikdən sonra möhkəm sarsıntı keçirib. Ona görə də hesab edir ki, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu təqsirli hərəkətləri nəticəsində səhhətinə dəymiş zərərin əvəzi olaraq 50.000 manat pul cavabdehdən alınaraq ona ödənilməlidir.
İddiaçı əvvəlcə Dövlət Xidmətini nəzərdə tutsa da, sonradan iddiasını Ağdam şöbəsi ilə əvəzləyib.
Məhkəmə isə onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddiası təmin etməyib. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Qeyd edək ki, həmin vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov, Ağdam rayon şöbəsinin rəisi isə Elxan Feyziyev olub.