Bu gün – iyunun 2-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları ərəfəsində hər iki tərəf bir-birinə diqqətçəkən hücumlar ediblər. Ukrayna Rusiyanın hərbi hava limanlarına və dəmir yolu xətlərinə hücum edib.
Ukrayna kəşfiyyat xidməti uzunmüddətli hazırlıqdan sonra Rusiyanın Ukraynaya hücumlarda istifadə etdiyi hərbi hava limanlarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, dörd hava limanına edilən hücum nəticəsində ümumilikdə 40-dan çox təyyarə məhv edilib.
Ukrayna hərbi kəşfiyyatının verdiyi digər məlumata əsasən, şənbə gecəsi Rusiyaya məxsus yük qatarı partladılıb. Partlayış nəticəsində yanacaq çənləri və yük vaqonları relsdən çıxıb. Bazar gecəsi isə Rusiyada daha iki hadisə baş verib – Kursk və Bryansk vilayətlərində körpü çökməsi nəticəsində iki qatar relsdən çıxıb. Rusiya tərəfi etiraf edib ki, bu hadisələr nəticəsində 7 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb.
Rusiya tərəfindən həyata keçirilən raket hücumu nəticəsində isə Ukrayna ordusunun təlim bazasında azı 12 hərbi qulluqçu həlak olub, 60-dan çox şəxs yaralanıb.
Qutb.az xəbər verir ki, bu hadisələrin ardından Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mark Rubio arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı müxtəlif təşəbbüslərin, o cümlədən iyunun 2-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası planlarının müzakirə edildiyini bildirib.
Qeyd olunur ki, Rubio Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturunun bombalanması nəticəsində mülki vətəndaşların tələfatı ilə bağlı Lavrova başsağlığı verib.
Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturunda baş verən partlayışlarla bağlı araşdırmanın nəticələri çox yaxın vaxtlarda dərc olunacaq və partlayışlara görə məsuliyyət daşıyanlar mütləq müəyyən ediləcək və mütləq cəzalandırılacaqlar.
Rusiya ilə Ukrayna arasında danışıqlar iyunun 2-də İstanbulda baş tutacaq. Danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski artıq Türkiyəyə gəlib. Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov başçılıq edəcək.
Tərəflər Rusiya və Ukrayna prezidentləri arasında mümkün görüşü müzakirə edəcəklər. Ukraynalı rəsmilər həmçinin atəşkəsə, əsirlərin azad edilməsinə nail olmağa çalışacaqlar.