Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar xırdabuynuzlu heyvan bazarında canlanma müşahidə olunur. Heyvan satışı ilə məşğul olanların Trend-ə bildirdiklərinə görə, bayrama yaxınlaşdıqca, daha çox ölkənin müxtəlif rayonlarından satılmaq üçün paytaxta gətirilir. Heyvanların Bakıya gətirilməsi üçün nəqliyyat xərcləri də var.
Bayramla əlaqədar Bakının heyvan və ət bazarında qiymətlər bahalaşa bilər?
Məsələ ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, əvvəlki illərə nisbətdə xırdabuynuzlu heyvanların sayı azalıb.
"Pandemiyadan sonra heyvan yeminin qiyməti bahalaşdı. Heyvandarlıqla məşğul olan təsərrüfatların gəlirləri azaldı. Buna görə də damazlıq heyvanlar kəsimə göndərildi. Belə olduqda bir-iki il sonra bu öz fəsadlarını ət qiymətlərində göstərməyə başladı. Azərbaycan iri və xırdabuynuzlu heyvan və quş ətini idxal edir. İdxalı azaltmaq üçün strategiya hazırlanmalıdır.
Azərbaycan yalnız bayram günlərində deyil, həmişə ət məhsullarına güclü tələbatı ilə seçilən ölkələrdəndir. Qurban bayramı vaxtı ətin qiymətində yüksəlmə tələbatla bağlıdır. Belə də qiymətlərin bahalaşması bazar qaydalarına uyğundur. Bu qiymət artımı bayrama görədir", - o deyib.
Qeyd edək ki, ölkəmizdə Qurban bayramı iyunun 16-17-də qeyd olunacaq.
Geniş videomüsahibəni təqdim edirik: