Sumqayıt şəhərində qonşu qadını narahat etdiyi bildirilən şəxs polis tərəfindən saxlanılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Bölməsinə müraciət edən qadın qonşuluqda yaşayan Zaur adlı şəxsin onu söyüb təhqir etdiyini, gecələr izlədiyini, kirayə yaşadığı mənzildən zorla çıxarmaq istədiyini deyib.
Müraciətlə əlaqədar bölmədə araşdırma aparılıb və Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Zaur Quliyev barəsində İXM-nin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. Zaur saxlanılaraq barəsində cəza tədbiri görülməsi üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.
Məhkəmədə Zaur Quliyev bildirib ki, Sevdanın (şərti adlı) yaşadığı binadan çıxıb getməsini istəyir:
“Mən və qonşular Sevdanın həmin binadan köçməsini istəyirik. Hətta Sevda bizdən ona kirayə mənzil axtarmaq üçün yardım da istəyib. Mən onun mənzildən çıxarılması ilə bağlı mənzil sahibinə də bildirmişəm. Hadisəyə gəlincə Sevda özü məni söyüb, barmaq işarəsi göstərib”.
Zərərçəkmiş şəxs qismində tanınan qadın isə Zaurun onunla münasibət qurmaq istədiyini və bu alınmadığı təqdirdə ona qarşı hücuma keçdiyini deyib: “Zaur mənzil sahibinə zəng edərək mənim kirayə qaldığım evə kişi gətirməyim barədə fikirlər səsləndirib. Mənzil sahibi də zəng edərək “gecə saat 3-də mənzilə kişi salırsan” sualını verdi. Mən də ona gecə evə gec gəldiyimi, hər hansı artıq-əskik hərəkətlərimin olmadığını dedim. Ümumiyyətlə Zaur adlı qonşu məni güdməyi peşə halına çevirib. Onun belə etməsinin səbəbi də mənimlə münasibət qurmaq istəməsidir”.
Sumqayıt şəhər Məhkəməsi baş vermiş hadisədə hər hansı cinayət və ya inzibati xəta tərkibinin olmadığını bildirib və iş üzrə icraata xitam verib. Zaur adlı şəxs məhkəmədən sərbəst buraxılıb.
Turqut Seyidov