17.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

“Qlobal antaqonist” olan Blinkenin dağıdıcı planları və Tramp üçün faciəli miras

17 yan 2025 18:00
GÜNDƏM
ads
Advertisement

Bayden Administrasiyasının Ağ Evi tərk etməsinə cəmi 6 gün qalmış – yanvarın 14-də ABŞ və Ermənistan arasında strateji sənəd imzalandı. Sənəd özündə Vaşinqtonun İrəvana hərbi istiqamət də daxil olmaqla hərtərəfli dəstəyini ehtiva edir və bu sazişin nəticəsi olaraq, ABŞ-ın gömrük və sərhəd mühafizəsi komandasının Ermənistana yerləşdirilməsi qərarı Blinken tərəfindən elan edildi. Söhbət “gömrük və sərhəd mühafizəsi” adı altında Amerika qüvvələrinin bölgəyə gətirilməsindən gedir.

Ermənistanla imzalanan sazişin iki açıq hədəfi var.

Birinci hədəf Azərbaycan-Ermənistan sülh danışıqlarında İrəvanın mövqeyini müdafiə etmək və Bakıya qarşı “minalar” basdırmaqdır. Bunu sazişin mətnində görmək mümkündür.

Sənədin mətnində qeyd olunur ki, “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası prosesini dəstəkləyir” və “Birləşmiş Ştatlar Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını dəstəkləyir”.

Bayden Administrasiyası hər iki məsələyə Ermənistanın maraqları kontekstində yanaşır.

- Sərhədin delimitasiyasının Alma-Ata Bəyannaməsinə əsaslanması SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi deməkdir və İrəvan bununla həm sovetləşmə dövründə ermənilərə bağışlanmış Azərbaycan əraziləri üzərində legitimlik qazanmaq, həm də Azərbaycan ordusunun 44 günlük müharibədən sonra bərpa etdiyi dövlət sərhədindən – nəzarətə götürdüyü strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmaq istəyir.

- Kommunikasiyanın “suverenlik prinsipi” əsasında açılması Zəngəzur dəhlizi layihəsinə qarşıdır.

Bununla yanaşı, sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden Administrasiyasının artıq həll edilmiş münaqişəyə dair məsələləri gündəmdə saxlamaq məqsədi daşıyır və bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.

İkinci hədəf regionda Ermənistan üzərindən Rusiyaya və İrana qarşı cəbhə açmaq məqsədinə xidmət edir. ABŞ qüvvələrinin “gömrük və mühafizə” adı altında Ermənistana gətirilməsi də Rusiyanın zəifləyən mövqelərini tutmaq və İrana qarşı indiki mərhələdə kəşfiyyat fəaliyyətini aparmaqdır. Bayden Administrasiyası faktiki olaraq, Ermənistanı poliqona çevirir.

Hər iki hədəfin nəticələri bütövlükdə region üçün mənfi perspektivlər vəd edir.

1. Sərhədin delimitasiyası və kommunikasiyanın açılması prinsiplərinə müdaxilə Bakı-İrəvan xəttində anlaşma imkanlarına mane olur, xüsusilə Ermənistanın qeyri-konstruktiv mövqelərini gücləndirir;
2. “Dağlıq Qarabağ” ifadəsi erməni revanşizmini körükləyir;
3. Ermənistandan Rusiya və İrana qarşı istifadə bu ölkələrin əks-həmləsinə əsas yaradır ki, nəticə etibarilə bütövlükdə regional sabitlik təhlükə altına düşür;


Bu, Bayden Administrasiyasının hakimiyyətdə olduğu 4 il ərzində dünyanın müxtəlif coğrafiyalarında yaratdığı qeyri-sabitlik ocaqlarına daha birini – Cənubi Qafqazı da əlavə etmək planıdır.

Və ABŞ-ın yeni administrasiyasını – Tramp komandasını çətin vəziyyətə salmağa hesablanıb. Bayden Administrasiyasının əvvəldən erməni maraqlarına xidmət etdiyi bəlli idi, lakin Ağ Evi təhvil verməyə sayılı günlər qalmış Ermənistanla sazişin imzalanması bu siyasətin rəsmiləşməsi və Tramp üçün “ağrılı miras”ın qoyulması məqsədi daşıyır. Bu siyasət ABŞ-ın regiondakı maraqlarına xidmət etmir, lakin görünür, Bayden Administrasiyası ölkənin milli maraqlarına yox, qlobal qrupların maraqlarına xidmət edir və onlar üçün “düşmən” hesab etdikləri xələflərinə - Tramp Administrasiyasına problemlər yaratmaq milli maraqlardan daha önəmlidir. Faktiki olaraq, Bayden Administrasiyası dünyanın müxtəlif bölgələrində olduğu kimi, Cənubi Qafqazda da “minalar” basdıraraq, Trampın qucağına buraxdı.

Burada bir sual ön plana çıxır: Bayden Administrasiyasında bu dağıdıcı strategiyanın müəllifi kimdir?

Axı hər iki mənada – siyasi və fiziki olaraq, “topal ördək” adlandırılan Baydenin siyasi planlaşdırılma və onun həyata keçirilməsində rolu sıfıra bərabər qiymətləndirilir, xüsusilə onun səhhətindəki problemlər fonunda bu aydın görünür. Baydenin arxasından boylanan və dünyanın mövcud nizamını alt-üst edən baş dövlət katibi Entoni Blinkenə məxsusdur. ABŞ xarici siyasətindən məsuliyyət daşıyan Blinkenin fəaliyyətində iki xətt xüsusilə seçildi:

- ABŞ-ın maraqlarına zidd xarici siyasətin aparılması və onun qlobal imicinin alt-üst edilməsi;
- Müharibə və qırğınlara zəmin yaratmaqla dünya nizamının alt-üst edilməsi, qlobal sabitliyi pozmaq;


Özünü “demokrat” və “sülhpərvər” imicində təqdim etməyə çalışan Bayden Administrasiyasında Blinkenin müəllifi olduğu iki böyük müharibə bunun bariz nümunəsidir.

Ukrayna müharibəsi: bu gün də beynəlxalq ekspertlər müharibənin başlanmasından qaçmağın mümkün olduğunu müzakirə edirlər, lakin 2022-ci ildə başlanan toqquşmanı körükləyən, buna zəmin yaradan məhz Bayden Administrasiyası, birbaşa Blinken idi. Müharibənin gedişində mümkün atəşkəs razılaşmalarının pozulmasında da ABŞ dövlət katibinin “əməyi” böyük olub.

Bu gün Blinkenin “Ukrayna əsəri” müharibə muzeyində nadir eksponata bənzəyir: dağılmış şəhərlər, on minlərlə insanın ölümü, didərgin düşmüş yüz minlərlə ukraynalı;

Və ən dəhşətlisi odur ki, Bayden Administrasiyasının Ukraynanı qlobal maraq dairələrinin məqsədləri naminə poliqona çevirməsindən sonra rəsmi Kiyevdən geri çəkilmək, bütün itirdikləri ilə barışmaq və anlaşma imzalamaq tələb edilir.

Yaxın Şərq müharibəsi: Qəzzada başlayan, Livana sıçrayan, on minlərlə insanın ölümünə, yüz minlərlə insanın yerindən-yurdundan didərgin düşməsinə səbəb olan və hələ də tam başa çatmayan müharibənin banisi də başda Blinken olmaqla son 4 ildə Ağ Evdə əyləşənlərdir.

Analoji dağıdıcı siyasət Afrikada və Latın Amerikasında da tətbiq edildi. Və nəticə etibarilə 2016-2020-ci illərdə ABŞ-a rəhbərlik edən Trampın Baydenə təhvil verdiyi güclü Amerika və qlobal sabitlik mirası Blinkenin müəllifi ilə məhv edilmiş formada geri qaytarılır.

Bayden Administrasiyasının Trampa qoyduğu miras sözün həqiqi mənasında acınacaqlıdır, həm ABŞ, həm də qlobal sabitlik üçün.

a) ABŞ-ın qlobal nüfuzu məhv edilib: artıq dünya xalqları Vaşinqtona inanmır və okeanın o tayından atılan istənilən addıma, verilən qərara işğalın, faciənin, sosial, iqtisadi və siyasi böhranın gəlişi kimi baxır.

b) Ukrayna, Yaxın Şərq müharibələri, Avropada enerji təhlükəsizliyi də daxil olmaqla böhranlı vəziyyət, Afrikada münaqişə ocaqlarının alovlanması, Latın Amerikasında problemlər və s;

c) Cənubi Qafqazda ABŞ-ın mövqelərinin zəifləməsi:

- Blinkenin riyakar siyasəti, xüsusilə Bakı-İrəvan danışıqlarında yanlış siyasi xətt tutması ABŞ-ı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən kənarlaşdırıb;
- Blinkenin Cənubi Qafqazda Gürcüstanı poliqona çevirmək planları da baş tutmadı: məqsəd Gürcüstanı ikinci dəfə fəlakətə sürükləmək idi, lakin gürcü xalqı buna imkan vermədi;

Nəticə etibarilə, Vaşinqtonun Cənubi Qafqazdakı mövqeləri heç olmadığı qədər zəifləyib. Bayden Administrasiyasının yeganə “qazancı” regionda dalan vəziyyətdə qalan və heç bir həlledici rolu olmayan zəif Ermənistanda müəyyən qədər üstünlük qazanmaq oldu. Ki, bu üstünlüyün “qumdan qala” olduğu və Ermənistan hakimiyyətinin çətinə düşdüyü vaxt Rusiyaya etdiyi xəyanəti, ABŞ-a da edəcəyi reallığı ortadadır. Hərçənd, Blinkenin məqsədi heç də ABŞ-ın maraqlarını müdafiə etmək, yaxud Azərbaycan, Gürcüstan və Ermənistan xalqına nəsə vermək deyildi. “Qlobal antaqonist” olan Blinkenin məqsədi məhz Cors Sorosun da olduğu qlobal güclərin planlarını yerinə yetirmək, əvəzində “sülhpərvər” kimi Nobel sülh mükafatını almaq idi. Onun Azərbaycan-Ermənistan sülh sazişinin təcili imzalanması üçün göstərdiyi canfəşanlıq da bundan qaynaqlanırdı. Eyni zamanda, qlobal anarxiyanın yaradılması, xalqların milli kimliklərinin silinməsi, feminizm, LGBT kimi qeyri-ənənəvi və dağıdıcı ideyaların yayılmasına göstərdiyi xidmət də bununla bağlı idi. Blinken sorosçu şəbəkənin “parlaq siması” kimi tarixə düşdü.

Bayden Administrasiyası da adını qlobal xaos və anarxiyanın, siyasi böhranın, müharibələrin, milyonlarla insanın faciəsinin, qlobal diktatın, həm də ABŞ-ın məğlubiyyətlərinin müəllifi kimi tarix səhifələrinə yazdırdı.

Və belə görünür ki, Trampa zəifləmiş Amerikanı və dağılmış qlobal nizamı miras qoydular.

Asif Nərimanlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur