Bu gün keçirilən Milli Məclisə seçkilər ümumən sakit şəkildə davam etsə də, səsvermə prosesinin pozulmasına hesablanmış bəzi təxribat halları da müşahidə edilir. Bəzi məntəqələrdə bəlli qruplar daxil olur, seçki komissiyasının üzvləri, yaxud qeydiyyatdan keçmiş müşahidəçilərlə qarşıdurma yaradır, bunu videolentə çəkərək, “seçki pozuntusu” kimi tirajlayırlar. Baş verənlər təxribat prosesinin peşəkar formada həyata keçirildiyini göstərir.
- Səsvermə prosesinə müdaxilə edən və “seçki pozuntusu”na dair “materiallar” toplayan qruplar sahədə işləyir;
- Toplanan “materialların” lazımi formada hazırlanmasını həyata keçirən qruplar sosial şəbəkələrdə, eləcə də xaricdə fəaliyyət göstərən Azərbaycan ictimai rəyini hədəf auditoriyası seçmiş “media”da tirajlayırlar;
Bu təxribat planlarının Qərbdə bəlli dairələrin sifarişi olduğu sirr deyil.
Eyni ssenarini bu ilin 7 fevral tarixində keçirilən Prezident seçkiləri zamanı tətbiq etməyə cəhd etmişdilər. “Toplum Tv”, “Azadlıq radiosu”, “Azadlıq” qəzeti, “Tolum Tv”, Anar Məmmədlinin rəhbərlik etdiyi “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (SMDTM), “Meydan Tv” və “söyüş müxalifəti” olaraq tanınan qruplar planın əsas icraçıları idi.
Seçki məntəqələrinə gedərək, qarşıdurma yaratmaq, neqativlər tapmaq, yaxud süni şəkildə problem istehsal etmək işini həyata keçirən üç qrup fəaliyyət göstərirdi:
1. “Toplum Tv”-də Xədicə İsmayılın rəhbərliyi ilə fəaliyyət göstərən “jurnalist qrupu”;
2. SMDTM rəhbəri Anar Məmmədlinin rəhbərlik etdiyi “müşahidəçi qrupu”;
3. AXCP-də təlimatlandırılan partiyanın gənclər təşkilatının üzvlərindən ibarət olan qrup;
Bu qrupların topladığı materialların hazırlanması, videogörüntülərin montaj edilməsi və “seçki pozuntusu” formasına salınması, daha sonra sosial şəbəkələrdə tirajlanması işini isə həm SMDTM, həm də “Toplum Tv”-də yaradılmış qərargah həyata keçirirdi. Səsvermə prosesini pozmaq və seçkinin legitimliyini şübhə altına almaq planının icrasına Qərbin donor təşkilatları tərəfindən 350-500 min manata yaxın vəsaitin ayrıldığı haqda məlumatlar vardı.
Bu təxribat planları baş tutmadı və seçkidən sonra təxribatçılar böyük ölçüdə neytrallaşdırıldı. 7 fevral seçkisindən cəmi altı ay sonra – Milli Məclis seçkilərində eyni ssenarinin eyni taktika ilə həyata keçirmək cəhdi müşahidə edilir. Və burada suallar yaranır: bu təxribat qruplarının hazırlanması işi necə aparılır?
Son vaxtlar Qərbin Azərbaycandakı şəbəkəsinin qeyri-qanuni fəaliyyəti böyük ölçüdə aşkara çıxarıldı, xüsusilə “qrant qaçaqmalçılığı” işində bu qüvvələr ciddi “qan itirdilər”. “Qrant qaçaqmalçılığı” işi həm də indiyə qədər Azərbaycana qarşı təxribat planlarının ixrac edildiyi Gürcüstan platformasını da zəiflətdi. Gürcüstanda “xarici agentlər haqqında” qanunun qəbulu isə ABŞ başda olmaqla Qərb ölkələrinin bölgədəki şəbəkəsinin fəaliyyətini məhdudlaşdırdı. Bölgədə ciddi müqavimətlə qarşılaşan Qərb Azərbaycana qarşı təxribat qruplarının hazırlanması və koordinasiya edilməsi platformasını dəyişdirmək gedişi etdi.
Mediada yayılan məlumatlardan da bəlli olur ki, Qərb Azərbaycan üzrə təxribat şəbəkəsinin Gürcüstandan Balkanlara köçürməsinə start verib. Yeni platformada fəaliyyətə başlayan təxribat şəbəkəsi əvvəlki kimi yenə də iki qrupdan ibarətdir: təxribat planlarını hazırlayanlar və bu planın icraçılarını təlimatlandıranlar; Azərbaycanda təxribat ssenarilərini icra edənlər;
Hazırda seçki məntəqələrinə müdaxilə edən, qarşıdurma yaradaraq, bunu “seçki pozuntusu” kimi tirajlayan qruplar təxribat şəbəkəsinin Azərbaycan daxilindəki qanadıdır. Əsas diqqətçəkən məqam toplanan materialların əsasən xaricdə fəaliyyət göstərən media orqanları, onların sosial şəbəkə səhifələri və Avropa paytaxtlarında əyləşən “söyüş müxalifəti” üzərindən tirajlanmasıdır. Azərbaycana qarşı təzyiq siyasətində Görünür, Qərbdə anti-Azərbaycan qüvvələr yenidən qurduqları təxribat şəbəkəsinin ifşa edilməməsi və neytrallaşdırılmaması üçün bu taktikadan istifadə edir. Məqsəd seçkinin legitimliyini şübhə altına almaq və süni şəkildə istehsal etdikləri “seçki pozuntularını” Azərbaycana qarşı təzyiq siyasətində alət kimi istifadə etməkdir.
Seçkinin legitimliyinin şübhə altına alınması Qərbin yenidən formalaşdırdığı təxribat şəbəkəsinin ilk missiyasıdır. Növbəti hədəf COP-29 tədbirinin olacağı gözlənilir.
QÜTB.AZ Analitik Qrupu