Avqustun 19-da Azərbaycan ResQutb.azsının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.
QÜTB.AZ xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli Vladimir Vladimiroviç.
Hörmətli qonaqlar, əziz dostlar.
Əziz qonaqlarımızı bir daha səmimi-qəlbdən salamlayıram. Rusiya Federasiyasının Prezidenti Azərbaycanda dövlət səfərindədir. Səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.
2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.
Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş olduğunu görəsən.
Biz iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdik. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.
Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu gün, həmçinin təhsil sahəsində münasibətlərin inkişafı məsələsini müzakirə etdik.
Biz, eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik.
Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.
Bir daha deməliyəm ki, biz bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutmuşuq.
Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Deməliyəm ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Eyni zamanda, onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artdığını qeyd etdik.
Energetika sferasında həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyəti geniş təhlil etdik. Biz bu istiqamətdə fəal işləyirik və əminəm ki, gələcəkdə də fəaliyyətimizi əlaqələndirəcəyik.
Həmçinin hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük.
Mən Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə Vladimir Vladimiroviçə və Rusiya tərəfinə təşəkkürümü bildirdim. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik.
Vladimir Vladimiroviç, mənim dəvətimi qəbul etdiyinizə və dövlət səfəri ilə Azərbaycana gəldiyinizə görə bir daha Sizə təşəkkürümü bildirmək istərdim. Şübhəsiz ki, bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
Sonra Rusiya Prezidenti bəyanatla çıxış etdi.
Prezident Vladimir Putinin bəyanatı
- Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar, həmkarlar.
Xanımlar və cənablar.
Azərbaycan ResQutb.azsına dövlət səfərinə dəvətə görə İlham Heydər oğluna bir daha təşəkkür etmək istərdim. Qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur.
Vurğulamaq istərdim ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.
Dünən və bu gün keçirilən danışıqlar əsnasında Sizə görüşümüzün, birgə işimizin başlanması üçün yaradılan səmimi ailə ab-havasına görə təşəkkürümü bildirmək istəyirəm. Bu gün də, sözün əsl mənasında, həmin şəraitdə işgüzar təmaslarımızı davam etdirdik. Bu gün aparılan danışıqlar zamanı biz qarşılıqlı fəaliyyətimizə dair məsələlərin ən geniş spektrini ətraflı, işgüzar şəraitdə müzakirə etdik.
Qəbul edilən Birgə Bəyanatda ikitərəfli əlaqələrin bütün kompleksi üzrə gələcək dinamik inkişafın yeni genişmiqyaslı vəzifələri qarşıya qoyuldu. Bu gün imzalanan sənədlər də onların həllinə kömək edəcək. İndicə bunun necə baş verdiyinin şahidi oldunuz.
Danışıqlarda qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın inkişafına diqqət yetirildi. Bu, qanunauyğundur, çünki Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Artıq qeyd olundu, mən bu barədə bu gün görüşümüzün əvvəlində də dedim - dörd milyard dollardan bir az çox dövriyyə var və ona artıq bu ilin birinci yarısında 17 faiz əlavə olunub. Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox birbaşa investisiyalar qoyulub. Əlbəttə, Azərbaycan bazarındakı 1300 müəssisə ondan xəbər verir ki, bizdə fəaliyyət müsbət istiqamətdə inkişaf edir və yaxşı perspektivlərə malikdir.
Azərbaycan Prezidenti elə indicə bizim fəaliyyət istiqamətlərimizdən danışdı. Onların hər biri bizim üçün real strateji əhəmiyyətə malikdir.
Hökumətlərarası Komissiyadan olan həmkarlar əsas iqtisadi qarşılıqlı fəaliyyət məsələlərini daim diqqət mərkəzində saxlayırlar. Komissiyanın bizim səfərimiz ərəfəsində Bakıda keçirilən növbəti iclası çox məhsuldar olub.
Artıq dediyim kimi, Rusiya ən iri investorlar sırasına daxildir və biz buna yalnız sevinirik.
Azərbaycan bazarında şirkətlərimiz özünü yetərincə rahat hiss edir. Artıq xatırladıldı ki, burada həm “LUKOYL”, həm yığılma istehsalını təşkil edən “KamAZ”, həm də “Sollers”, “UAZ” var. Onlar uğurla fəaliyyət göstərir və inkişaf perspektivlərinə malikdir. Biz onların işinə yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə minnətdarıq.
“Transmaşholdinq” fevral ayında Bakı metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalına dair növbəti müqavilə bağlayıb. Ümidvaram ki, bu qatarlardan istifadə edənlər də razı qalacaqlar.
Bizim “Şimal-Cənub” layihəsinin reallaşdırılması üzrə birgə planlarımızı da xüsusi qeyd edərdim. Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək.
Humanitar əlaqələr fəal şəkildə genişlənir. İyunda Azərbaycanda Rusiya Mədəniyyəti Günləri uğurla keçirildi, bu çərçivədə sərgilər, konsertlər, teatr tamaşaları, başqa parlaq mədəniyyət hadisələri oldu.
Xoş ənənəyə uyğun olaraq, azərbaycanlı dostlarımızı sentyabrda onuncu - yubiley Sankt-Peterburq Mədəniyyət Forumuna dəvət edirik.
Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Hiss edirik ki, Azərbaycan ResQutb.azsının rəhbərliyi bu tendensiyanı hərtərəfli dəstəkləyir. İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq. Ölkədə tədrisi rus dilində aparılan 300-dən çox məktəb, həmçinin Moskva Dövlət Universitetinin, Seçenov adına Moskva Tibb Universitetinin filialları fəaliyyət göstərir.
Hazırda, – biz elə indicə bunu geniş tərkibdə görüş əsnasında müzakirə etdik, – Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü nəzərdən keçirilir. Azərbaycan Prezidenti bu ideyanı dəstəkləyib. Ümidvaram ki, biz onu kifayət qədər tez həyata keçirəcəyik. Bizim tərəfimizdən Sankt-Peterburq Dövlət Universiteti layihəyə qoşulmağa hazırdır.
Rusiyada, həmçinin Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması üzrə çox iş görülür. Hazırda Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı gənc təhsil alır, o cümlədən onların mindən çoxu Rusiya federal büdcəsi hesabına oxuyur. Ölkələrimizdə sovet xalqının Böyük Vətən müharibəsində igidliyini hörmətlə anırlar. Xatırlayırlar ki, bizim atalarımız, babalarımız və ulu babalarımız birlikdə ümumi Vətənimizi qoruyublar və dünyanın nasizmdən xilasına həlledici töhfə veriblər. İlham Heydər oğlu ilə razılığa gəldik ki, bizim Böyük Qələbəmizin qarşıdakı 80 illiyini geniş şəkildə qeyd edək.
Artıq dediyim kimi, danışıqlarda regional gündəliyə dair, təbii ki, Azərbaycanın Xəzər regionunda və Cənubi Qafqazda oynadığı rol nəzərə alınaraq, bir sıra məsələlər də müzakirə olunub.
Aktual beynəlxalq mövzulara da toxunulub. Xarici siyasətdə ölkələrimiz beynəlxalq hüququn aliliyi, suverenlik və daxili işlərə müdaxilə edilməməsi prinsiplərinə qətiyyətlə tərəfdardırlar.
Rusiya və Azərbaycan çoxtərəfli platformalar daxil olmaqla, həmçinin BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirirlər. Bu ilin oktyabrında İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirdik. Vurğulayım ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.
Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.
Sonda bir daha vurğulamaq istərdim ki, biz səfərin yekunlarından tamamilə məmnunuq. Əminəm ki, bu gün aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
***
16:56
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da mətbuata bəyanatlarla çıxış ediblər.
QÜTB.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.