Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vahid Cəfərov (Vahid Əziz) "Şərəf" ordeni ilə təltif edilib.
V.Əziz bu mükafata Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, sabah Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur.
Qutb.az bununla əlaqədar olaraq şairin özü ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Vahid Əziz dostları ilə birlikdə olan zaman sərəncam barədə xəbər aldığını bildirib.
"Məsələ burasındadır ki, təltif üçün yaşamırıq. Amma bilirdim ki, mənim 80 yaşım tamam olur, cənab Prezidentin də mənim keçdiyim həyat yolundan xəbəri var. Mən rəhmətlik Heydər Əliyevin dövründə mərkəzi komitədə mətbuat şöbəsində işləmişəm, vətənə xidmət etmişəm, ermənilərlə bağlı tarixi kitablar çap etdirmişəm. Bu gün, yekəlik çıxmasın qələm adamları, aktyorlar, elm adamları içərisində yeganə Qarabağ müharibəsi veteranıyam. 1988-ci ildə Qarabağla bağlı Xüsusi İdarəetmə Komitəsi yaradılanda onun tərkibində olan 6 nəfərdən biri mən idim. Bir il möhtərəm Prezidentimizin qabağında bayraq qaldırdığı həmin o keçmiş partiya vilayət komitəsinin binasında oturmuşam. Bax, belə xidmətlərim olub. Bu xidmətlərimiz qiymətləndirildi. Təbii ki, nəsə edəcəklərini bilirdim, lakin bu qədər yüksək orden verəcəyinə inansam da, ola bilər verərlər deyirdim. Prezidentimizə minnətdaram. Allah cənab Prezidentimizi, xalqımızı qorusun. Hamımız həyatda olduğumuza, sərbəst danışdığımıza görə şəhidlərimizə borcluyuq. Allah onların ruhunu şad eləsin".
Şair memuar yazıb-yazmayacağından da danışıb: "Şeirlərim elə mənim həyatımdır. Ayrıca memuar yazası deyiləm. Bütün sıxıntılarım, xoş günlərim hamısı o şeirlərdədir".