Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Publika.az xəbər verir ki, “Ermənistanın Qərbi Azərbaycanla bağlı “elmi saxtakarlığı” adlı süjetdə Ermənistan Elmlər Akademiyasının faktların təhrif olunduğu və qondarma iddialara əsaslanan, kartoqraf Ruben Qalçyanın müəllifliyi ilə çap olunan “Azərbaycanın 2014-cü ildə milli atlasının tarixi xəritəsi və Qərbi Azərbaycan uydurma termininin araşdırması” adlanan yeni kitabdan bəhs olunur.
Bildirilir ki, uydurma iddialara əsaslanan kitabın hazırlanmasının rəsmi İrəvan, birbaşa Nikol Paşinyan tərəfindən sifariş edildiyi sirr deyil: “Erməni müəllif Azərbaycan adlı dövlətin olmadığını, “Ermənistan” adlı dövlətin adının isə tarixi mənbələrdə çəkildiyini iddia edir. Təbii ki, bu, klassik erməni xəstəliyidir və o qədər də təəccüblü deyil və erməni müəllif Ruben Qalçyan kitabla bağlı açıqlamasında özünü ifşa edir. O, bu iddialarla diqqəti rəsmi İrəvanın üzərindən yayındırmaq və qondarma “tədqiqatı” şəxsi təşəbbüsü kimi göstərmək istəyir. Çünki Ermənistan hakimiyyəti Qərbi Azərbaycan reallığına qarşı lazım olanda “müstəqil tədqiqatçıların” əsərlərinə istinad edə bilmək üçün bu “elmi saxtakarlığın” dövlət sifarişi kimi görünməsini istəmir. R.Qalstyan isə öz açıqlamasında “hər şeyi” dolayısı ilə etiraf edir”.
Qeyd olunur ki, Azərbaycan Milli Atlası Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Atlası”nın çapının təmin edilməsi” haqqında 20 aprel 2011-ci il tarixli Sərəncamına əsasən hazırlanıb. 19 bölmə, 444 səhifə, 1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir. Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə edən unikal xəritələr toplusundan ibarətdir. Təbii ki, Milli Atlasda Qərbi Azərbaycanla bağlı toponimlərdən tutmuş xəritələrə qədər təkzibolunmaz faktlar yer alır.
Diqqətə çatdırılır ki, 2014-cü ildə Milli Atlas nəşr olunanda Ermənistan bu məsələyə diqqət etmədi. Çünki Qarabağ işğalda idi və İrəvanda hesab edirdilər ki, onlar Azərbaycan torpaqları hesabına ikinci dövləti də yaradıblar, bundan sonrakı hədəfləri “dənizdən dənizə Ermənistan” xülyasını reallaşdırmaq olacaq. Ermənilər düşünməzdi ki, Azərbaycan Qarabağı azad edəcək, öz torpaqlarında yaradılan qondarma “ikinci erməni dövləti”ni məhv edəcək və tarixi torpaqları olan Qərbi Azərbaycana qayıdışı qaçılmaz reallığa çevirəcək.
Sonda vurğulanır ki, Ermənistan mediası və ekspertləri tərəfindən Qərbi Azərbaycan reallığının qaçılmaz olmasına, azərbaycanlıların geri qayıdacağına dair çoxsaylı fikirlər səsləndirilir: “Bütün bunlar ermənilərin reallığı anladığından xəbər verir. Ermənistan Elmlər Akademiyasının Qərbi Azərbaycanla bağlı hazırladığı qondarma “kitab” da məhz bu reallığın qarşısında “saman çöpündən yapımaqdan” başqa bir şey deyil”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyulun 18-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.