Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində çoxsaylı görüşlər keçirilib, anlaşmalar imzalanıb.
Səfər və Misir-Azərbaycan əlaqələri ilə bağlı önə çıxan məqamlar necədir?
Sirr deyil ki, diplomatik münasibətlərdə ilk xarici səfərin hansı ölkəyə edilməsinə həmişə xüsusi məna yüklənir. İlham Əliyevin yenidən prezident seçildikdən sonra ilk xarici səfərlərdən birini Misirə etməsi mühüm hadisədir və bu, Misir mediasında Azərbaycan xarici siyasətində Qahirə istiqamətində ciddi əhəmiyyət verilməsinin sübutu kimi təqdim olunmaqdadır. Prezidentlərin çıxışlarından, imzalanan sənədlərdən, keçirilən görüşlərdən anlaşıldığı qədər tərəflər 4 mühüm istiqamətə xüsusi diqqət yetirir:
1) İqtisadi əlaqələr. Tərəflər neft-qaz, tikinti, nəqliyyat, rabitə və informasiya texnologiyaları, qida, əczaçılıq, elektrik enerjisi ilə bağlı əməkdaşlıqda maraqlıdır. Prezidentlər çıxışlarında bu sahələrin adlarını çəkiblər. Lakin iqtisadi əlaqələr ölkələrin potensialından aşağıdır - cəmi 35 milyon dollarlıq ticarət dövriyyəsi.
Misir bir çox istehlak mallarının (qida, geyim, ətriyyat, zinət əşyaları) olduqca ucuz və keyfiyyətli olması ilə tanınır. Azərbaycan bu malların idxalında və reeksportunda (təkrar ixrac) maraqlı ola bilər. Eləcə də Azərbaycanın təklif edə biləcəyi əmtəə və xidmətlərin də çeşidi yetərincə zəngindir. Əhalinin istehlak qabiliyyəti aşağı olsa da, Misir 100 milyon vətəndaşı olan ölkədir, ixrac və reeksport xidmətləri təklifi üçün cəlbedici bazardır.
2) Nəqliyyat. Dəhlizlərin uzlaşdırılması. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsləri bir sıra xarici dairələr tərəfindən Misirin Süveyş kanalı dəhlizinə qarşı layihə kimi təqdim edilməkdə idi. Dünya mediasında Zəngəzur dəhlizi ilə bağlı müzakirələr belə Süveyş kanalından istifadənin müvəqqəti dayandırılması haqda xəbərlərlə eyni vaxta təsadüf etmişdi. Amma ötən il əs-Sisinin Bakıya, bu günlərdə isə İlham Əliyevin Qahirəyə səfəri zamanı bəyan edildiyi kimi, Azərbaycan və Misir öz nəqliyyat-dəhliz imkanlarını uzlaşdırmaqda maraqlıdır, təşəbbüslər biri birinə qarşı yönəlməyib. Nəhayət, Hindistan yüklərinin daha çox Süveyşə cəlb olunması da bu gün üçün Azərbaycanın marağındadır. Çünki Tehran Şimal-Cənub yükdaşımalarının Ermənistandan keçən bir marşrut seçməsi üçün Hindistanı davamlı şəkildə təşviq etməyə çalışır, Süveyş kanalına marağın artması isə Hindistanı bu təşviqlərdən yayındırardı.
3) Diplomatik tərəfdaşlıq:
a) Fələstin mövzusu
Azərbaycan Prezidentinin Qahirədəki çıxışı zamanı Fələstinin müstəqilliyi barədə fikirlərə gəlincə, bu fikirlərin məkanı və zamanı mühümdür. Əvvələn, Azərbaycan müstəqilliyin ilk illərindən Fələstinin müstəqil olma haqqını, münaqişənin sülh yolu ilə ikidövlətli, adil həll modelini tanıyır. Bu mövqeyini dəfələrlə ikitərəfli və çoxtərəfli görüşlərdə səsləndirib, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi qurumun Fələstinlə bağlı bütün qətnamələrinə tərəfdar çıxıb. Ümumən bu təşkilatda olmaq avtomatik olaraq paytaxtı Şərqi Qüds olacaq Fələstini dəstəkləmək mənasına gəlir, çünki təşkilatın təsisini zəruri edən səbəb bu olub.
Məkan niyə mühümdür? Ötən illər İqtisadi Əməkdaşlıq Təşkilatının Mərkəzi Asiyada keçirilən toplantılarında, İran tərəfinin atmacalı çıxışlarına rəğmən Azərbaycan Fələstin-İsrail münaqişəsi haqda bəyanat verməyib, eləcə də İranla Azərbaycan arasında müxtəlif səviyyəli ikitərəfli görüşlərdə qarşı tərəfin hər dəfə ortaya anti-İsrail mövqe qoyma təşəbbüsü “iqnor” edilib. Amma Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Fələstin məsələsinin müzakirəsinə nəinki maneə olmamış, əksinə Fələstinlə bağlı beynəlxalq hüquqa və tarixi ədalətə söykənən mövqeyini açıq ifadə etmişdir. Qahirədəki çıxış bu mövqeyin təkrar ifadəsindən başqa bir şey deyildi. Misir İsrailin mövcud olma haqqının rəsmən tanımış ilk ərəb ölkəsidir, son Həmas-İsrail qarşıdurması zamanı da bütün təhriklərə rəğmən İsraillə açıq hərbi qarşıdurmadan yayınır. Yəni bəyanat yalınız məzmununa görə deyil, səslənmə zaman və məkanın seçimi ilə də İsrailin mövcudluğunu inkar edən baxışların bölüşülmədiyi haqda mesaj ehtiva edir.
b) Cənubi Qafqaz
Ötən il yanvarın 27-28-də Əbdülfəttah əs-Sisi Azərbaycana səfərə gəlməzdən qabaq “ Əl-Dustur” (dostor.org) Azərbaycan və Ermənistan arasında vasitəçiliyin müzakirə oluna biləcəyinə diqqət çəkirdi. Qahirə Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Tariq Fəhmi hesab edirdi ki, Misir iki ölkə arasında vasitəçi rolunu oynaya bilər. Ermənistan Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Aqasi Marqaryana istinadən məlumat verilirdi ki, Sisinin səfəri Mərkəzi Asiya turnesi çərçivəsində və İrəvanın dəvəti üzrə baş tutur. Səfər zamanı Sisi erməni həmkarı Vaaqn Xaçaturyanla görüşəcək. “Al-ayyam-əl-masriyyə” (alayaameg) isə xəbər verirdi ki, Xaçaturyanın 2022-ci ildə Misirə səfərindən sonra səfir Hraçya Poladyan cavab ziyarəti üçün hazırlıqlarla məşğul olurmuş. Bildirilirdi ki, Ermənistan və Azərbaycan arasında münaqişənin başlanğıcından Misir hər iki ölkə ilə möhkəm münasibətləri nəzərə alaraq, neytral mövqe tutub. 2020-ci ilin sentyabrında isə Ermənistanın ozamankı prezidenti Armen Sarkisyan misirli həmkarını “qan tökülməsini tez bir zamanda dayandırmaq üçün” öz əlaqələrindən və nüfuzundan istifadə etməyə çağırmışdı.
Misirdə erməni diasporu çoxsaylı olmasa da, 19-cu əsrin sonlarında erməniəsilli baş nazir Nubar Paşanın zamanından fəaldır, öz məktəb, qəzet və kilsələri var. Misirin xarici siyasət idarəsində ölkə əhalisinin 10 faizindən çoxunu təşkil edən qibti (kopt) icmasının müəyyən ağırlığı var. Ənənəvi Şərq xristianlığına mənsub digər icmalar kimi qibtilər də qriqorian ermənilərinə isti münasibət bəsləyirlər. Bu, Qarabağ münaqişəsinin ilk illərində Misirin xarici işlər naziri, sonra BMT baş katibi olmuş Butros Qalinin zamanında da belə idi, bu gün də. II Qarabağ savaşı günlərində və sonra qibtilərin “Maat” fondu ardıcıl olaraq anti-Azərbaycan bəyanatlarla çıxış edirdi.
4) Dini icmalararası əlaqələr. Misirin çoxsaylı qibti icması qeyd etdiyimiz kimi, digər Şərq xristian icmaları kimi ermənilərə daha çox rəğbətlə yanaşır. II Qarabağ savaşı gedişində və sonrakı proseslər zamanı da qibti kilsəsi rəhbərliyinin birtərəfli mövqeyi narahatedici idi. İş ondadır ki, qibti icması Şərq xristianlarının sayca və nüfuzca ən böyüyüdür, efiop və Eriteriya, siryani, kəldani kilsələrinə və s. də təsir edə bilir. Kilsə rəhbərinin son bəyanatlarından sonra Azərbaycan diplomatlarının kilsə rəhbərliyi ilə görüşləri də keçirilmişdi. Amma bütün hallarda Şərq xristianlığı təəssübkeşliyini tam neytrallaşdırmaq çətin olardı. Odur ki, Misirin əsas dini icmasının müsəlmanların rəğbətinə oynamaq üçün edilən təşəbbüsləri başa düşüləndir. Qahirənin xilafət paytaxtı olduğu orta əsrlərdən bəri sünni İslamının əsas dini mərkəzi sayılan Əl-Əzhər Universiteti şeyxi ilə son illər müxtəlif səviyyəli Azərbaycan nümayəndələrinin keçirdiyi görüşlər ərəb-müsəlman ictimai rəyinə təsir aləti qazandırır. Eyni zamanda Azərbaycanda sünni icmasının daha radikal və çox zaman da xüsusi geosiyasi hədəfləri olan dini cərəyanlara (gülənçilik və sələfilik kimi) meyillənməsinin qarşısını almağa yardım edir.
Yekun olaraq, Misir diplomatiyasının fəal olmadığı Cənubi Qafqaz və Mərkəzi Asiyaya qəfil açılımını ötən il misirli ekspertlər bir az da mübaliğə ilə “Şərqə dönüş” kimi dəyərləndirirdilər. Misir həqiqətən də, ötən əsrin 50-70-ci illərində ərəb Şərqində aparıcı dövlət olsa da, bütövlükdə Şərqdə elə də fəal deyildi; buna yetəcək iqtisadi, siyasi və hərbi gücü də yox idi. Ərəb Şərqində fəallığı isə İsraillə imzalanmış Kemp-Devid sövdələşməsi ilə bitmiş, bir müddət ərəb ölkələri tərəfindən boykot edilmiş, onun ərəb Şərqindəki yerini müəyyən qədər Səudiyyə Ərəbistanı tutmuşdu. Tehran və son illər Ankara da ərəb Şərqində təsirlərini artırmışdı. “İbrahimi anlaşmaları” ilə Körfəz ölkələri və İsrail arasında yaxınlaşma Kemp-Deviddən sonrakı psixoloji təcridin də başa çatması deməkdir. Ötən il bu barədə dərc etdiyimiz yazıda qeyd etmişdik ki, Qahirənin indi kənar coğrafiyalara fəallığı həm də Ərəb Şərqindəki nüfuzunu bərpa etməyə, Türkiyə və İranı özü ilə hesablaşmağa məcbur etməyə hesablanıb.
Təəssüf ki, 2013-cü ildən sonra strateji müttəfiqimiz Türkiyə ilə Misir arasında münasibətlər arzuolunmaz məcraya daxil olmuşdu. İsraillə yaxınlaşma da bəzi ərəb ölkələrində narahatlıqla izlənirdi. Sisinin ötən il Bakıya, Azərbaycan Prezidentinin Qahirəyə səfəri tərəflərin öz münasibətlərinin digər dövlətlərin təsirində olmamasının nümayişi idi. Azərbaycan müstəqil xarici siyasi tərəfdaşıdır; Türkiyə və İsraillə strateji müttəfiqliyi Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinə kölgə salmır.
Misir Türkiyənin son 10 ildə etdiklərini təkrarlamaq istəyir, Qərbdən uzaqlaşmadan yeni qlobal güc iddiasında olanlarla - Hindistan və Rusiya ilə mümkün qədər yaxınlaşır. Belə mürəkkəb geosiyasi təşəbbüslər rəsmi Bakı tərəfindən gözardı edilə bilməzdi. Azərbaycan bu mürəkkəb kombinasiyada öz maraqlarına oynayır, köhnə müttəfiqləri itirmədən yeni müttəfiqlər qazanır, ikitərəfli münasibətlərinin digər iddiaların girovuna düşməsinə də imkan vermir.
Cəmaləddin Quliyev, siyasi ekspert