Fransanın idman naziri Ameli Udea-Kastera 2024-cü il Paris Olimpiya oyunları ərəfəsində dalğıc geyimində Sena çayında üzüb.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Udea-Kastera paralimpialı Ankinan ilə birlikdə çayın yarışların keçiriləcəyi yerində qısa müddət ərzində üzüb.
Nazir kameralar qarşısında Sena çayının bulanıq suyuna girərək, III Aleksandr körpüsü və Əlillər körpüsü arasındakı qısa məsafəni qət edib.
“Biz dedik ki, Olimpiadaya hazır olacağıq və biz hazırıq. Bu heyrətamizdir, vəd yerinə yetirilib!” – deyə o, jurnalistlərə bildirib. Nazir əlavə edib ki, bu yolla o, son dörd ildə Sena çayının təmizliyində dövlət xidmətlərinin işinin nəticələrini nümayiş etdirmək istəyib.
Bir çox nəşrlər qeyd edir ki, Ameli Udea-Kastera bulanıq və çirkli sudan qorunmaq üçün dalğıc geyimindən istifadə edib.
Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron, eləcə də Paris meri və BOK rəhbəri də 2024-cü il Olimpiya Oyunları ərəfəsində Senada suyun keyfiyyətinin yaxşı olduğunu sübut etmək üçün Sena çayında çimməyə söz vermişdilər.