Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Aqil Layıc müvəkkilinin həbsdə qalmasına heç bir əsas olmadığını deyib
O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasınl istəyib: "Yaşayış yeri məlumdur. Onun cinayət törətdiyini təsdiqləyən heç bir sübut yoxdur".
Nazim Bəydəmirli müdafiəçisinin vəsatətini dəstəkləyərək təmin edilməsini istəyib. O, səhhətində də problemlər olduğunu məhkəmənin diqqətinə çatdırıb: "Bir yalnış məlumat üzərindən heç bir cinayət işlətmədən həbs olunmuşam. Mən heç bir cinayət törətməmişəm. Məhkəmənin sonuna qədər şahidləri dindirəcəksiniz. Övladlarım narahat olmasın deyə səhhətimlə bağlı problemləri ictimaiyyətə açıqlamaq istəmirəm. Oğlum bu gün Amerikaya yola düşür. Koç universitetinin doktorantı idi. İmtahan yolu ilə Amerikada dövlət təhlükəsizliyi ilə məşğul olan qurumlardan birində işə düzəlib. Ona demişəm ki, harada işləyindən asılı olmayaraq Azərbaycan xalqının mənafeyini yüksək tut".
Nazim Bəydəmirli ona qarşı qara piar aparıldığını və buna görə həbs olunduğunu deyib: "Mənə imkan yaradılsın, səhhətimi bərpa edim".
Məhkəmə vəsatəti təmin etməyib. Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Növbəti prosesi iyulun 29-da davam edəcək.
İttihama görə, Nazim Bəydəmirli az sonra Mürsəl İbrahimovu yenidən hədələyib və daha 50 min dollar pul tələb edib. Bu dəfə isə 30 min dollar alıb.
Nazim Bəydəmirliyə verilən ikinci ittiham isə özünün də pay sahibi olduğu “Avto-Qarant” ASC ilə bağlıdır. İttihama görə, sabiq deputat bu şirkətin Müşahidə Şurasının sədri Ədalət Bağırovu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb eləyib. Bir müddət sonra ondan 10 min manat pul alıb.
Qeyd edək ki, cinayət işi üzrə İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıblar.Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə - təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham verilib.