Avstriyanın müdafiə naziri Klaudia Tanner avstriyalıların orduya qatılmaq üçün çox kök olduğunu deyib.
Publika.az xəbər verir ki, nazirliyin keçirdiyi sorğuda ölkədəki gənclərin yarıdan çoxu “nə olursa olsun ölkəni müdafiə etməyəcəklərini” bildiriblər.
Avstriya rəhbərliyi 2023-cü ildə 45 min 565 nəfəri hərbi xidmətə çağırdığı halda, onlardan yalnız 31 min 516 nəfəri hərbi xidmətə yararlı hesab edə bilib.
Hərbi xidmətə yararsız 3421 nəfərə “müvəqqəti yararsız” rəyi verildiyi halda, digərləri ordudan tamamilə xaric edilib. Tanner gənclər arasında artan piylənmə problemi ilə yanaşı, psixoloji stress faktorlarının da uyğunsuzluğa səbəb olduğunu vurğulayıb:
“Gənc nəsil yenidən sağlam olmalıdır”. Tanner həmçinin qadınlar üçün yeni başlayan könüllü hərbi xidməti “gözəl uğur” adlandırıb. Xidmətin başladığı aprel ayından indiyədək 212 qadının müraciət etdiyini deyən avstriyalı nazir indiyədək onlardan 126-nın işə qəbul olunduğunu bildirib.
Aysel Şahmar