“Müasir cəmiyyətdə miqrantlara qarşı ksenofobiya və nifrətin qızışdırılması yolverilməzdir”..
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının funksionerlərinə müraciət edərkən bildirib.
Dövlət başçısı siyasi məqsədlərlə ksenofobiya kartının oynanılmasını “zəiflik” adlandırıb.
“Heç kimin qısamüddətli siyasi dividendlər və populizm adı ilə cəmiyyəti parçalamağa haqqı yoxdur. Barbarlıq və vandalizm qəbuledilməzdir”, - deyə Türkiyə lideri bildirib.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyənin hakim partiyası populizm mövqeyindən çıxış etməyib və heç vaxt etməyəcək.
“Türkiyənin sabitliyini pozmaq, inkişafını dayandırmaq, onu geriyə atmaq cəhdləri uğurlu olmayacaq”, - deyə Prezident əmin edib.
Qeyd edək ki, ötən gün suriyalı qaçqının 5 yaşlı qıza təcavüz etməsindən sonra Türkiyədə etirazlar başlayıb. Kayseri şəhərində etirazçılar avtomobilləri aşıraraq Suriya dükanlarını yandırıblar. Qəzəbli izdiham şübhəlini döyərək linç etmək istəsə də, polis həmin şəxsi aparıb.
Bu gün isə Türkiyə ordusunun Suriyadakı mövcudluq zonası boyu nümayişlər başlayıb. Suriyalılar türk hərbi bazalarına hücumlar ediblər.