Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən Tumannaya çayı üzərindən avtomobil körpüsünün tikintisi çox güman ki, bu məsələnin Çinlə razılaşdırılmasını tələb edəcək.
Publika.az xəbər verir ki, bu şərti "RİA Novosti" ilə söhbətində iqtisadçı Marina Kukla qeyd edib.
O xatırladıb ki, bu layihə 10 ildir müzakirə olunur. Əvvəlcə Çin bunu çox bəyənməyib. Çünki Çin Tumannaya çayında naviqasiyanı fəal şəkildə təşviq edir və "Dostluq Körpüsü" dəmir yolu da buna mane olur. Mütəxəssis bildirib ki, tikinti üçün dibdərinləşdirmə prosesi də tələb oluna bilər.
Professor Kuklanın sözlərinə görə, Yaponiya dənizinə çıxışı olan Tumannaya çayı boyunca naviqasiyanın işə salınması Çin üçün prinsipial əhəmiyyət kəsb edir, çox şey onun magistral körpünün tikintisi ilə bağlı mövqeyindən asılı olacaq. Bundan əlavə, Çinlə sərhəd keçidlərinin inkişafı planlarını nəzərə almaq lazımdır. O deyib ki, Rusiya ilə Şimali Koreya arasında yeni körpüyə tələbat yaradacaq layihələri işə salmaq olduqca vacibdir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşü zamanı hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Putin və Kim Çen In səhiyyə, tibb təhsili və elm sahəsində də əməkdaşlıq etmək barədə razılığa gəliblər və Tumannaya çayı üzərindən sərhəd avtomobil körpüsünün tikintisinə dair saziş imzalayıblar.
Adəm Abbaslı