Əsədin devrilməsi ilə Türkiyə, ABŞ, İsrail qazanan, Rusiya kompensasiya imkanlarını hələ də saxlayan tərəf olsa da, əsas itirən İran oldu. Bunu Tehranın özündə də etiraf edirlər.
Hakimiyyət daxilində əsas ittiham hədəfi xarici işlər naziri Abbas Əraqçidir. Onun Əsəd devrilməmişdən bir həftə öncə Dəməşqdə “şaurma” (şavarma) yeyərək, “hər şey qaydasındadır” mesajı tənqid olunur. Əsas diqqətçəkən məqamlardan biri Suriyadakı uğursuzluğun Əraqçinin timsalında Pezeşkian hökumətinin üzərinə qoymaq cəhdlərinin də edilməsidir. İslahatçı qanada yaxın olanlar arasında isə Əsədin devrilməsinə “İran xalqının pullarının göyə sovrulmasına son qoyulması” kontekstində sevinənlər var.
Tehranın Suriyada itkilərindən biri “İran xalqının göyə sovurduqları” pullardır. Rəsmi mənbələr bu haqda danışmaqdan qaçsa da, İranın Suriya müharibəsi başlayandan etibarən bu ölkəyə ildə orta hesabla 6 milyard olmaqla indiyə qədər 50 milyard dollar civarında xərclədiyi haqda məlumatlar var. İranın Suriyaya bu qədər pul xərcləməsinin ana səbəbi “müqavimət oxu”nda “qızıl halqa”nı qoruyub saxlamaq məqsədi daşıyırdı. Xameneinin müşaviri Vilayətinin dediyi kimi, “Suriya hökuməti olmasa, bu halqa qırılacaq və İsrailə qarşı müqavimət zəifləyəcək”.
Əsədin getməsi ilə “qızıl halqa” qırıldı və İranın proksi qüvvələrdən ibarət “müqavimət oxu”nda dağılma prosesi başladı:
- Suriyada məğlubiyyət İrana “Hizbullah”la (Livan) quru əlaqəsini itirmək təhlükəsini yaradıb;
- Qəzzada HƏMAS-ın, Livanda “Hizbullah”ın ciddi “qan itirməsi”ndən sonra Suriyadakı nəticə “müqavimət oxu”nun koordinasiyasını pozdu;
- İran-İraq-Suriya-Livan xətti Tehranın “şiə hilalı” planlarını alt-üst edir;
Növbəti hədəfin İraq və Yəmən olacağı, bu ölkələrdə İrana bağlı Haşdi Şabi və husilərin sıradan çıxarılmasına start veriləcəyi ehtimalı böyükdür. Husilərin vurulması Tehran üçün təkcə İsraillə yox, həm də dini müstəvidə strateji rəqibi olan Səudiyyə Ərəbistanla mübarizədə də itki, İraqda məğlubiyyət isə dağılma prosesinin İran sərhədlərinə çatması deməkdir. Xüsusilə Trampın Ağ Evdə fəaliyyətə başlamasından sonra İranı daha çətin günlər gözləyir.
Hərçənd, Tehran asanlıqla təslim olmayacaq və ata biləcəyi addımları bir neçə kontekstdə təxmin etmək olar.
1. İraqda və Yəməndəki qüvvələrini qorumaöa və nə qədər çətin olsa da, “Hizbullah”ı yenidən gücləndirməyə çalışacaq;
2. Proksi qüvvələrini qorumaq üçün Moskva ilə anlaşa, bu qüvvələrin idarəçiliyində Rusiyanın iştirakını qəbul edə və ondan “qalxan” kimi istifadə edə bilər;
3. “Müqavimət oxu”nun zəifləməsi İranın “strateji çəkindiricilik” gücünü də zəiflədir, bu baxımdan, Tehran üçün çıxış yollarından biri nüvə silahını əldə etmək istiqamətində səylərini artırmaq ola bilər;
Bütün bunların fonunda İranın İsraillə birbaşa müharibədən nə qədər yayına biləcəyi də həlledici problemlərdən biri olaraq qalır.
Asif Nərimanlı