Xəbər verdiyimiz kimi, İranın Azərbaycandakı səfiri Abbas Musəvi bu gün vəzifəsindən azad edilib.
Publika.az Axar.az-a istinadən bildirir ki, onun vəzifəsindən azad edilməsi 2020-ci ildən bu vəzifədə çalışması və səlahiyyət müddətinin başa çatması ilə əlaqələndirilib.
Halbuki, əvvəla, Abbas Musəvinin səlahiyyət müddətinin başa çatmasına hələ 5 ay qalıb. Belə ki, Abbas Musəvi Azərbaycana 2020-ci ilin 21 avqustunda gəlib.
Eyni proses bundan əvvəlki səfirə - Cavad Cahangirzadəyə də aiddir. Cavad Cahangirzadə 28 avqust 2016-cı ildə Azərbaycana səfir təyin edilmişdi.
Göründüyü kimi, İran səfirlərini 4 ildən bir, avqustun ikinci yarısında dəyişir.
İkincisi, səfirin səlahiyyət müddəti başa çatanda artıq yeni səfir təyin edilir. İRNA-nın bu gün yaydığı məlumatda isə yeni səfirin kimliyi məsələsi yoxdur. Bu isə o deməkdir ki, Abbas Musəvi “ciddi pozuntuya görə” vaxtından əvvəl vəzifəsindən azad edilib və geri çağırılıb.
Məsələ isə ondadır ki, artıq bir neçə gündür Abbas Musəviyə qarşı İranın rəsmi mediası kampaniya aparırdı. Onu Bakıdakı səfirlik binasında müsahibə verərkən, xanım jurnalistin (Baku TV əməkdaşı) geyiminə görə tənqid edirdilər və istefaya çağırırdılar. Rəsmi İran mediası xanım jurnalistin İran səfirliyinə başıaçıq, həm də ətəkdə daxil olmasını və o cür də müsahibə almasını İran qanunlarına təhqir sayır, bunun qarşısını almadığı üçün səfiri tənqid və təhqir edir, onun təcili geri çağırılmasını tələb edirdilər. Xatırladılırdı ki, bundan öncə İranın Avropadakı səfirləri də eyni səhvə görə cəzalandırılmışdılar.
Beləliklə, aydın olur ki, Abbas Musəvi məhv bir neçə gündür İranın rəsmi mediasının gündəmindən düşməyən “başıaçıq xanım jurnalistə” müsahibə verdiyi üçün cəzalandırılıb və işdən çıxarılıb.