Hindistan mətbuatı Cənubi Qafqazda Türkiyə-Azərbaycan müttəfiqliyinin gücləndiyini yazıb. Məqalədə Zəngəzur dəhlizinin açılmasının Hindistan üçün pis nəticələr verəcəyi iddia edilib.
Publika.az xəbər verir ki, Hindistan mətbuatı Bakı ilə Ankara arasında imzalanmış Şuşa Bəyannaməsinə istinad edib.
Məqalədə Türkiyə-Azərbaycan müttəfiqliyinin əsas məqsədlərindən birinin Zəngəzur dəhlizinin açılması olduğu bildirilib: "Türkiyə və Pakistanın fəal rol oynadığı Cənubi Qafqazda tarazlığın dəyişməsi Hindistanın Rusiya və Avropaya çatmaq üçün bölgədən logistika mərkəzi kimi istifadə etmək cəhdlərinə mane ola bilər".
Xəbərdə həmçinin Zəngəzur dəhlizinin işə düşəcəyi təqdirdə Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsinin mümkün olmayacağı iddia edilib: “Bu layihənin reallaşması Ermənistan-İran sərhədinin yox olmasına və dolayısı ilə mümkünsüzlüyünə səbəb olacaq. Fars körfəzi-Qara dəniz layihəsinin həyata keçirilməsindən əlavə, İran-Azərbaycan-Rusiya marşrutu da daxil olmaqla, INSTC-ni təhlükə altına qoyur”.
Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və geosiyasi konfiqurasiyanın Ankara-Bakı oxunun xeyrinə dəyişməsi Hindistan üçün şərtləri çətinləşdirəcək.
"Hindistan silahlarının Ermənistana çatdırılması üçün alternativ yol Mərkəzi Asiya ölkələri, daha sonra Rusiya və Gürcüstandan keçə bilər. Bu marşrut logistikanı xeyli çətinləşdirir. Bu gün Tehran regionda qüvvələr balansının bərpasında maraqlıdır. Bu, Ermənistanın müdafiə qabiliyyətini gücləndirməklə mümkündür. Riskləri azaltmaq və Cənubi Qafqazda siyasətini həyata keçirmək üçün Hindistan İranla əməkdaşlığı genişləndirməlidir”, - deyə məqalədə bildirilir.
Roza Şəfiyeva