Alimlər heyvanların dünyanı necə gördüyünü göstərən yeni kamera sistemi üzərində işləyirlər.
Publika.az xəbər verir ki, "PLOS Biology" elmi jurnalında dərc edilən araşdırmaya görə, heyvanların rəngləri necə gördüklərini 92 faiz dəqiqliklə göstərən kamera hazırlanıb.
Bu sistem üzərində çalışan alimlər məqalədə kameranın heyvanların dinamik mühitlərdə rənglərdən necə istifadə etdiyini, təbii işıq mənbəyinin rəng qavrayışını necə dəyişdirdiyini və bu günə qədər cavabsız qalan digər sualları anlamağa kömək edəcəyini bildiriblər.
Araşdırmalar çərçivəsində bir qrup elm adamı xüsusi kamera və proqram təminatından istifadə edərək mavi, yaşıl, qırmızı və ultrabənövşəyi kimi rənglərdə videolar hazırlayıb. Daha sonra heyvanların gözləri ilə bağlı məlum olan məlumatlara uyğun olaraq videolar dəyişdirilib və əldə edilən məlumatlar yeni videoya çevrilib.
Tədqiqatçılar hər bir heyvanın rəngləri fərqli qəbul etdiyinə diqqət çəkiblər.
Bu kamera sistemi hələ satışda deyil, lakin istifadə edilən proqram açıq mənbə olaraq tədqiqatçıların faydalanması üçün paylaşılıb.
Roza Şəfiyeva