29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Hamıya “Əmi” olmağı bacaran Xalq artisti: Əlibaba Məmmədov haqqında unikal xatirələr

25 fev 2024 13:00
GÜNDƏM
ads

Bəzi insanlar haqqında keçmiş zamanda danışmaq çox çətindir. Ömrünü, həyatını müqəddəs amallara, məramlara həsr edərək milli dəyər statusuna yüksələn, bir xalqın, millətin fəxr, güvən yeri olan belə insanlar gələcək nəsillərə miras qoyduğu irs sayəsində zamanın sərhədlərini aşaraq əbədiyaşarlıq məqamına yüksəlməyi bacaranlardir. Bəli, yaratdıqlarının incə hisslərə hər xitabında, qəlblərin sarı simlərinə hər toxunuşunda ehya tapır əsl sənətkarlar. Şairlər şeirlərinin pıçıltısındakı duyğulara, rəssamlar əsərlərinin nümayişindəki xəyallara, xanəndələr əsərlərinin səslənişindəki hisslərə şərikdir, əslində. Beləcə, yaratdıqlarına köçüb, əsərlərindən boylanır, yaşayır sənətkar, ölümə meydan oxuyaraq ölümsüzləşir sənətkar. Cismani yoxluğu ruhani varlığı fonunda əriyib öləziyir əsl sənətkarın. Və onlar haqqında “artıq yoxdur”, “aramızda deyil”miş kimi keçmiş zamanda danışmaq çətin olur. Elə sadalanan məziyyətlərin daşıyıcısı, hamıya “Əmi” olmağı bacaran, mənimsə dost-doğmaca əmim oğlu olan Əlibaba Məmmədov kimi...

Həyat dolu idi əmioğlu. Şux görkəmi, yerişi, duruşu, hər şeyə rəğmən gözlərindən və üzündən əksik olmayan təbəssümü, zarafatları, gələcəyə optimist baxışı ilə...Yumor duyumu ilə də seçilirdi bir çoxlarından. Gərgin bir atmosferi kiçicik zarafatı ilə 180 dərəcə dəyişmək bacarığına sahib idi. Sözünün yerini və çəkisini bilən köhnə kişilərdən idi. Zəhmətkeş idi əmioğlu. Bir müdrik kəlamında deyilir ki, “Uğur – 1% ilhama 99% damcı tər qatmaqla əldə olunur”. Əlibaba Məmmədovun uğur fəlsəfəsi də məhz bu düstur üzərində qurulmuşdu. Yuxarıdakı aforizmin əmioğluvari deyilişi isə belə idi: “İstedad Allah tərəfindən verilən gözəl vergidir. İstedadı üzə çıxaran isə çalışmaqdır, zəhmətdir. Zəhmət çəkməsən, istedad da batıb gedəcək. Odur ki, sənətdə kamilliyə çatmaq üçün zəhmət çəkilməlidir”.

Bəli, əldə etdiyi nailiyyətlərin, müvəffəqiyyətlərin pərdə arxasında yuxusuz gecələr, fasiləsiz mütaliələr, məşqlər, titanik miqyaslı zəhmətlər, əziyyətlər var idi. Özü bu barədə “Heç vaxt mütaliədən uzaq olmamışam, həmişə oxumuşam, dinclik, istirahət nə olduğunu bilmədən oxumuşam. Daim öz üzərimdə çalışmışam” – deyirdi. Dilə gətirməsinə ehtiyac da yox idi əslində. Klassik bədii irsə dərindən bələd olması (burada Bakı ədəbi mühiti, genetik kod faktorunun müstəsna əhəmiyyəti də nəzərə alınmalıdır), söhbət əsnasında poetik nümunələrin yerində, məqamında işlətməsi, sənət aləmində sözünü demiş xanəndə, bəstəkarların belə mübahisəli suallarını cavablandırmaq üçün tez-tez üz tutduqları ünvana çevrilməsi çəkdiyi zəhmətin inkaredilməz təsdiqi deyildimi?!

İnsanlara xoş bir təsəlli ilə olsa belə kömək etməyə çalışandı, yardımlaşan, paylaşandı, əl tutandı əmioğlu. Məhz bu insani keyfiyyət və dəyərləri onu hamının sevimlisi, “Əmi”si məqamına qaldırmışdı. Məhz buna görə uşaqdan-böyüyə hər kəs onu sevirdi. Bütün sadalanan bu məziyyətlərin zirvəyə aparan yolun pillələri olduğunu nəzərə alsaq, o, artıq istər insanlıq, istər sənət elminin zirvəsini fəth etmişdi.

Sözü çox uzatmadan mən də Əlibaba Məmmədov portretinin daha canlı alınması üçün saysız-hesabsız xatirələrim arasından bir-ikisini sizinlə bölüşmək istərdim.

Atam Bəyəhməd Əlibabanın əmisi Əlihəsənin böyük oğlu idi. İnsanlara kömək edən, əl tutan, kəndin sayılıb-seçilən 5 ağsaqqalından biri idi. Təkcə öz qohumlarının işinə deyil, bütün kənd əhlinə köməyi dəyirdi. Atam öz atasından (vaxtı ilə babam Əlihəsən gözəl səsi olan Güləhməd əminin məclislərdə oxumasına razı olmamışdı) fərqli olaraq, elmə, sənətə, yeniliyə daha açıq insan idi. Əlibabaya da münasibəti bakılılar demiş, bir alayı cür idi, onu daha çox istəyirdi. İndiki kimi yadımdadır. Əmioğlu bizə gəlib, anamla yavaşca nəsə xısın-xısın danışırdı, sonra anam atamı çağırıb Əlibabanın İçərişəhərdən qız istədiyini deyir. Atam da öz növbəsində “Çox gözəl, Allah xeyir işə zamindir, elçi gedərik, alarıq, toy da edərik” – deyə razılığını bildirir. Vaxt, vədə yetişir, gəlini gətirməyə gedəndə hər şeyə hədsiz uşaq marağı ilə yanaşan mən (onda on iki yaşım var idi) və bacım Zərxanım israrla bizi də aparmalarını istədik. Atam razı olmadı. O vaxtlar da qaydalar bir az başqa idi. Uşaq dediyin hər yerə getməzdi. Uşağın uşaq, böyüyün böyük yeri var idi. Lakin şəhər toyu, gələn qonaqları, gəlini görmək marağı qaydalara güc gəlmişdi və biz heç cürə təslim olmaq istəmirdik. Yalvar-yaxarın da işə yaramadığını görüncə, güc verdik ağlamağa. Sonra əmioğlunun anası Əşrəfxanım və bacısı Türrə xala rəhmə gəldi. Amma atama da deməyə ürək eləmirdilər. Axırda maşının ayaqaltısına iki döşək atıb bizi oturtdular. Enli, qırçınlı paltarlarının ətəkləri ilə də üstümüzü örtüb, sakit dayanmağımızı bərk-bərk tapşırdılar. Biz də şəhərə qədər cınqırımızı belə çıxartmadıq. Şəhərə çathaçatda rəhmətlik Əşrəfxanım dostu üzünü atama tutub, söhbəti uzaqdan gətirdi: Ay Bəyəhməd, Allah köməyin olsun, hələ indiyədək, bir sözümü iki elədiyin olmayıb. Gör nə deyirəm, o uşaqların elə ağlamağı ürəyimin başını kabab elədi, dözmədim, dedim minin maşına. Uşaqdırlar da, gələndə nə olar ki, atlanıb-düşüb, oynayacaqlar. Atam təəccüblə arxaya boylandı. Artıq işin-işdən keçdiyini görüb, xəfif təbəssümlə “İnanırsan, ay əmidostu, səhərdən fikrim o uşaqların yanında idi. Lap yaxşı eləyib gətirmisən” dedi.

Allah, nə qədər sevinmişdik onda... Çox gözəl, şən toy oldu. Əmioğlunun sevinci yerə, göyə sığmırdı. Əzizə xanım gülərüz, mehriban, abır-həyalı, sonralar bütün nəslin sevimlisinə çevriləcək, xanım-xatın, gözəl gəlin idi. Mənə gəlincə, çox zəngin təəssürat boxçası ilə razı halda qayıtmışdım bu toydan.

Əmioğlu ilə bağlı o qədər xatirələrim var ki, saymaqla qurtarmaz. Bir dəfə də əmioğlu mənə xəbər verdi ki, Mərkəzi ofisi Moskvada yerləşən “Mir” telekanalının işçi qrupu mənim haqqımda film çəkmək istəyir. Əmiqızı, mən bir az nasazam, verilişi sizin evdə çəkə bilərlər?

“Bu nə sualdır, ay əmioğlu” deyə suala sualla cavab verdim. Bizim evlərin hamısı sizindir, sizə qurbandır. Bunu eşidən qardaşlarım Hacı Əsəd, məşədi Əlihəsən də öz evlərini təklif etdi. Əmioğlu özü çəkilişin bizim evdə olmasını istədi. Qonaqları yüksək səviyyədə, necə lazımdırsa qarşıladıq. Əmioğlu ilə bağlı yaşantılar, olub keçənlər, yaddaşlarda iz salan məqamlar xatırlandıqca, xatırlandı. Ömrümüzə olduqca maraqlı, unudulmaz bir səhifə də əlavə olundu beləcə... nostalji hisslərə kökləndiyimiz, xatirələrlə dolu bir günün də sonuna gəldik beləcə. Əlibaba Məmmədov imzalı, Əlibaba Məmmədov rayihəli günün sonuna... Bir daha hamımız onunla fəxr etdik, uca Yaradanımıza nəslimizə, elimizə, obamıza bəxş etdiyi bu lütfünə görə şükür etdik. İndi bu sətirləri yazdıqca həsrət qarışıq təəssüflə o günləri yad edirəm. Həqiqətən də, keçən günə gün çatmaz, calasan da günü günə...

Yaxşı yadımdadır, müəyyən səbəblər üzündən böyük sənətkarımızın 2000-ci ildə qeyd olunan 70 illik yubiley tədbirində iştirak edə bilməmişdim. Bakıdan uzaqda olmağıma baxmayaraq, bu möhtəşəm hadisənin önəmini vurğulamaq, bu tarixi əbədiləşdirmək məqsədilə “Böyük el nəğməkarı Əlibaba Məmmədovun anadan olmasının 70, ifaçılıq fəaliyyətinin 50 illiyinə hədiyyə” kimi peşəkar jurnalist Vaqif Əliyevin müəllifliyi ilə “Ürək deyir: “Yaşa hələ!” adlı kitab layihəsini reallaşdırmışdıq. Yubiley ərəfəsində kitab ona təqdim olunmuş, çox bəyənmişdi. Bu hədiyyə haqqında fikirlərini yubiley tədbirində səsləndirmiş, iştirakçılarla da bölüşmüşdü. Kitab demişkən, başqa bir xatirə yadıma düşdü. Ümumiyyətlə, mənim yeni kitabım nəşr olunan kimi bir nüsxə əmim oğluna ayırırdım. Bu, mənim üçün dəyişməyən ənənə, yazılmamış qanun idi. Bir gün gördüm ki, tərifi dilindən düşməyən sənətşünas Səadət Təhmirazqızının “Bizim ustad” və müəllifi olduğu 100-dən artıq mahnısının nəfis tərtibatda nota köçürülmüş disklərini oğlu Seyran və gəlini Məxfirətlə mənim üçün göndərib. Sonra özü zəng edərək dedi ki, bu kitablardan çox deyil, ancaq əmiqızı, mən elə bilirəm ki, səndə olsa, elə bilərəm ki, elə o böyük nəslimin hər birindədir.

2012-ci ildə Bakı Dövlət Universitetində mənim 70 illik yubileyimdə fəxri qonaqlar arasında əmioğlu Əlibaba Məmmədov da var idi. Yüksək səviyyəli təşkilatçılıqdan, iştirakçıların haqqımda söylədiyi xoş sözlərdən o qədər təsirlənmişdi ki, sevinci yerə-göyə sığmırdı. Çox gözəl, əhatəli çıxış elədi. Sonra məmnuniyyətlə müxtəlif televiziya kanallarına müsahibələr verdi. Tədbir bitər-bitməz əyilib qulağıma fəxrlə “Mən heç təsəvvür etməzdim ki, mənim əmim qızı belə tanınmış adamdır” – deyə özünəməxsus sadəliklə pıçıldadı.

Həyat yoldaşım Hacı Yaqub dünyasını dəyişəndə əmioğlu, oğlu Seyran, ailəmizin yaxın dostu, görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyev, xanımı Qumru xanım və başqaları kədərimizə şərik olmağa gəlmişdilər. Hüzr məclisi üçün bir qədər namünasib vaxt idi, günorta keçmiş, artıq axşam düşürdü. Əmioğlu qabağa keçib “Əmiqızı, bildim ki, məclis vaxtı gəlsəm, səninlə görüşüb, dərdinə şərik ola bilməyəcəyəm. Özüm axşama saxladım ki, rahat dərdləşə bilək”- deyə bir növ üzrxahlıq etdi. Rəhmətlik yoldaşım ixtisasca mühəndis olsa da, klassik ədəbiyyatın pərəstişkarı, muğamın vurğunu idi. Əmioğlu da onun xətrini çox istəyirdi. Bir anda ev adamla doldu. O gecə sirli, rəmzli beytlərin açılış, klassik poeziyanın dərin qatlarına başvurma gecəsi oldu. Hacı Vasimin Xəyyamdan, Rudəkidən, Nizamidən gətirdiyi nümunələri, əmioğlunun Füzulidən, Seyid Əzimdən, Vahiddən çəkdiyi misalları, oğlum Cavidin qəlblərə xitab edən şeirləri, dəyişmələri, Əlihəsənin qəzəl xırdalaması, söz sərrafları, söz xiridarlarının meydan aldığı gecə oldu o gecə.. Vaxtın necə keçdiyini, zamanın necə ötdüyünü heç kəs bilmədi. Gecədən xeyli keçirdi. Sonda durub getməyə hazırlaşan əmioğlu ilə Vasim müəllim sanki sözləşiblərmiş kimi bir ağızdan “Hə, bax, bu əsl rəhmətlik Hacı Yaqubun adına və zövqünə layiq gecə oldu” deməsi hamını kövrəltdi. Həqiqətən də hər şey Hacının istədiyi, ruhunu oxşayacaq səviyyədə idi. Bircə onun özü yox idi. Əmioğlu da yaman kövrəldi. Hə, bax, bu da belə bir xatirə idi.

Sevindirici və qürurverici haldır ki, Azərbaycanın xalq artisti, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenli, xalqın “Əmi”si fəxri titulunun layiqli daşıyıcısı, professor Əlibaba Məmmədovun sənəti istər dövlət, rəsmi orqanlar, istərsə də xalq tərəfindən ən üst səviyyədə, vaxtında və zamanında (ən əsası da sağlığında), dəyərləndirildi. Ulu Öndər, Umummilli Lider Heydər Əliyev onu “muğam, təsnif və xalq mahnılarımızın mahir ifaçısı, orijinal, bənzərsiz ifa üslubu, yüksək səhnə mədəniyyəti, məlahətli səsi olan sənətkar” kimi qiymətləndirdi, Dövlət başçımız cənab Prezident İlham Əliyev, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ömrünün son günlərinə qədər bir an olsun belə onu diqqətdən kənar qoymadı.

Bu gün cismani yoxluğundan iki illik zaman məsafəsi ayırır bizi. Bunları yaza-yaza yadıma hər nə qədər acı olsa da, artıq ölümün labüdlüyü ilə barışmış əmioğlunun verdiyi bir sual düşür: “Əmiqızı, görəsən mən öləndən sonra heç olmasa bir yüz il yaddaşlarda qalaram?”. O zaman fərqinə varmadan, sadəcə cavab olsun deyə dediyim: “Əlbəttə” – sözünü bu gün təkidlə, əminliklə təsdiqləyirəm: Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı, Azərbaycan muğamı, təsnifi, klassik poeziyası, sözü, şeiri var, sən yaşayacaqsan. Nə qədər ki, Vətənimizdə lap elə bir dənə olsun, qədirbilən, dəyər verən insan var, sən yaşayacaqsan. Elə sözümün əvvəlindəki kimi: hər mahnının, təsnifinin, şeirinin, qəzəlinin səslənişində sən də ehya tapacaqsan, əziz əmioğlu:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

Böyük Allah rəhmətini üstündən əksik etməsin.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 25 fevral 2022-ci ildə vəfat edib.

Məmmədova Əsmətxanım, Azərbaycan respublikası I və II çağırış

Milli Məclisinin deputatı, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsinin dosenti, xüsusi olaraq Publika.az üçün.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur