Böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən çoxseriyalı “Himayədar” filminin çəkilişləri başa çatıb.
Publika.az xəbər verir ki, ekran əsəri uzun illərdir media sektorunda yaddaqalan layihələrə imza atan Bakı Media Mərkəzinin istehsalı ilə lentə alınıb. Zaur Qasımlının rejissorluğu ilə lentə alınan filmin təfərrüatları gizli saxlanılsa da, layihədə XIX əsrin sonu – XX əsrin əvvəlində baş verən mühüm tarixi hadisələr də öz əksini tapır. Filmin ssenari müəllifləri İsmayil İman, Zaur Qasımlı və Asif İsgəndərlidir. Milli dəyərlərimizin təbliğinə töhfə verəcək layihənin rəhbəri və prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
Azərbaycanın tarixinin tanıdılmasında böyük əhəmiyyət kəsb edən bu ekran işinin çəkilişləri may ayında başlayıb. Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Layihənin kütləvi səhnələri üçün 1600 nəfər cəlb edilib, bundan başqa 70-dən çox məkanda çəkiliş aparılıb və 300-dən çox abidə tikilib.
Aktyor heyəti açıqlanmasa da, tanınmış model Rüstəm Cəbrayılov və aktyor Sənan Əlləzin filmdə rol aldığı məlum olub. Bu barədə onlar sosial media hesablarından özləri məlumat yayıb. Rüstəm Cəbrayılovun üzündəki bıçaq izindən layihədə qoçu obrazını canlandırdığı məlum olub.
"Bütün yaradıcı və texniki heyəti təbrik edirəm və uğurlar arzu edirəm . Əziz və hörmətli rejissorum Zaur Qasımlı mənə verdiyin dəyərə görə, sizə ayrılıqda təşəkkür edirəm. Filimin quruluşçu rəssamı və onun komandası siz sadəcə mükəmməlsiniz! O tarixi otmasferi bizə ötürdüyünüz ücün var olun", - aktyor qeyd edib və filmdən görüntülərini bölüşüb.
Sənan Əlləz də inanır ki, ekran işi böyük səs-küy gətirəcək:
"Daha bir filmin çəkilişlərini bitirdim. Tarixin bir parçası olmaq və bir tarixi qəhrəmana həyat vermək məsuliyyətli və çox zövqlü idi. Bütün yaradıcı və texniki heyyəti ürəkdən təbrik edirəm. Biz bu işi bacardıq. Quruluşçu rejissor Zaur Qasımlı bu maraqlı obraza məni təsdiq etdiyin üçün təşəkkür edirəm. Reyhan Cəfər İsayeva sənə də dəvətin və mehribanlığın üçün təşəkkür. Sizə isə yaxşı bir işi və tarixi filmi gözləmək qalır dəyərli izləyicilər. Qəhrəmanıma isə demək istəyirəm ki, əlvida mərd adam!", - Sənan Əlləz yazıb.
Aktyor filmdə canlandırdığı obrazın sirr olduğunu vurğulayıb. Lakin onun filmdə Fətəli Xan Xosyki rolunu ifa etdiyi təxmin edilir.
Zaur Qasımlı da ekran işi ilə bağlı təəssüratlarından danışarkən bütün yaradıcı heyətə öz minnətdarlığını ifadə edib:
"Birgə gördüyümüz nəhəng işə görə bütün minnətdarlığımızı sözlə ifadə etmək çətindir. 135 çəkiliş günü, 9 ay həyəcanlı və yaradıcılıqla gərgin anlar. Hər birinizin sayəsində layihəmiz sadəcə tarix deyil, əsl kino dastanına çevrildi. Sizin peşəkarlığınız, fədakarlığınız və istedadınız bunu mümkün etdi. Səyləriniz, əməkdaşlığınız və ilhamınız üçün təşəkkür edirik. Biz unikal bir şey yaratdıq və mən bu inanılmaz komandanın bir hissəsi olmaqdan qürur duyuram", - o qeyd edib.
Çoxseriyalı filmin gələn il izləyicilərin ixtiyarına verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2024-cü il böyük xeyriyyəçinin vəfatının 100 illiyidir. “Ekran işinin tamaşaçılar və kinosevərlər tərəfindən böyük maraqla qarşılanacağına ümid edirik”, – Bakı Media Mərkəzinin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı media şirkətidir. Mərkəzin işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Miras”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, “BİZ”, “Şuşa, sən azadsan!” və digər filmlər var.