Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (ATU) “COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda elmi konfrans keçirilib.
Publika.az xəbər verir ki, konfransda Bakı şəhəri ali məktəblərinin tələbə elmi cəmiyyətlərinin fəalları, iş istiqamətləri həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan ali məktəblərin kafedra və fakültələrinin müəllim, professor heyəti, aspirant və tələbələr iştirak ediblər.
Elmi konfransı giriş sözü ilə açan ATU-nun rektoru, professor Vilayət Vəliyev konfransın əhəmiyyətini vurğulayıb. Professor, öz növbəsində, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bu il ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd edib və konfransın işinə uğurlar arzulayıb.
Sonra FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək tədbirin məqsədi barədə məlumat verib, konfransın işində iştirak edən müəllim və tələbələrə təşəkkür edib.
Konfransda çıxış edən ATGTİ-nin sədri Pərviz Mirələmli təhsil müəssisələrində “İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda maarifləndirmə tədbirlərinin təşkilinin vacibliyini bildirib. Həmçinin, natiq bu kimi tədbirlərin digər ali təhsil müəssiələrində də təşkil olunmasının əhəmiyyətini qeyd edib.
Sonra konfransda tələbələr mövzu üzrə təqdimatlarla çıxış ediblər.
Həmçinin, konfransda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə videoçarx nümayiş olunub, konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.