Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin rəisi general-mayor Əşrəf Qasımovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti 23-26 aprel 2024-cü il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olub.
Səfər çərçivəsində Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin Komandanı general-leytenant Əli Doğanla görüşən Əşrəf Qasımov Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, mövcud əməkdaşlığın ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin Komandanı general-leytenant Əli Doğan son illər Türkiyədə baş vermiş fövqəladə hallar zamanı - 2021-2022-ci illərdəki meşə yanğınlarının söndürülməsində, 2023-cü ildəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan tərəfinin göstərdiyi köməyin əhəmiyyətini vurğulayıb.
Görüşdə fövqəladə hallar zamanı hər iki ölkənin müvafiq qurumlarının aviasiya qüvvələrinin birgə fəaliyyəti, təlimlərin təşkili, xilasetmə və təxliyə məsələlərində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin, səfər çərçivəsində FHN-in nümayəndə heyəti Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotillə də görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər zamanı FHN-in nümayəndə heyəti Türkiyənin Jandarma Hava Qüvvələri Komandanlığının fəaliyyəti ilə yaxından tanış olub.