Polis minatəmizləmə işlərini aparmaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bu ərazilərə girişinin qarşısını almaq üçün Bağanis-Voskepar yolunu bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bağanis-Voskepar hissəsində delimitasiya ilə bağlı işlərin aparılması planlaşdırılır”, - deyə məlumatda qeyd olunub.
Daxili İşlər Nazirliyi vurğulayıb ki, hazırda təmas xəttində hər hansı dəyişiklikdən söhbət getmir. Sərhədin delimitasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi sərhəd qoşunlarına veriləcək.
Xatırladaq ki, aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycanın Tavuş vilayətindən delimitasiyaya başlaması və iyulun 1-nə kimi əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəldiyini açıqlamışdı. Həmin gün axşam saatlarından başlayaraq, Tavuşun sərhəd kəndlərinin sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası yolunda etiraz aksiyaları keçirirlər.
Tural