Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
QÜTB.AZ müsahibəni təqdim edir:
- Qüdrət bəy, ABŞ Ermənistanla təcili sülh sazişi imzalamağımız üçün niyə bizə bu qədər təzyiq edir?
- 5 noyabrda ABŞ-da prezident seçkiləridir və həmin ölkədə güclü erməni diasporası var. Onların dəstəyini almaq üçün belə canfəşanlıq edirlər. Həm də bir xristian həmrəyliyi faktoru var. Tələsmələrinin başqa səbəbləri də mövcuddur. Görürlər ki, Qarabağdan getmiş ermənilər Ermənistanda və başqa ölkələrdə məskunlaşır və zaman keçdikcə onları geri qaytarmaq çətinləşəcək. ABŞ, erməniləri beynəlxalq güclərin təminatı altında Qarabağa qaytarmaq, Azərbaycana daimi təzyiq etmək imkanları əldə etməyə çalışır. Həm də düşünürlər ki, yaxın gələcəkdə regionda geosiyasi vəziyyətin dəyişməsi ilə İran Zəngəzur dəhlizinin açılmasına ya mane olmaz, yaxud mane ola bilməz. Onlar isə türk dünyasının quru yollarla bir-birinə bağlanmasına, Avrasiya məkanında türk dövlətlərinin yeni güc mərkəzinin formalaşmasına qarşıdırlar. Məhz bu səbəbdən həm də İranın bütövlüyünü qorumaq, orada qərbyönümlü bir monarxiya yaratmaq üçün ciddi səy göstərirlər.
ABŞ çalışır və Türkiyəyə ciddi təzyiq göstərir ki, Ermənistanla sərhədləri açsın. Türkiyə isə dəfələrlə bəyan edib ki, Azərbaycanla münasibətləri tənzimləməyənə qədər Ermənistanla sərhədləri açmayacaq. Onlar Ermənistanın iqtisadiyyatının güclənməsi və iqtidarın xalqdan geniş dəstək alması üçün bunun vacibliyini başa düşürlər. Ona görə də bizə təzyiq edirlər ki, Ermənistanın şərtləri ilə sülh sazişi imzalayaq, bunun ardınca Ermənistanla kommunikasiya xətləri açılsın.
- Azərbaycan gərginliyi azaltmaq üçün sülh sazişini çərçivə sənədi formasında paraflaya bilərmi?
- Azərbaycan bunu etsə belə təzyiqlər azalmayacaq, bəlkə də artacaq. Görəcəklər ki, təzyiq etməklə istədiklərinə nail olurlar və bunun ardınca birtərəfli qaydada, Qərbi Azərbaycandan olan qaçqınların qayıdışı, Zəngəzur dəhlizi məsələsi kənara qoyulmaqla, beynəlxalq təminat altında ermənilərin Qarabağa qaytarılmasını tələb edəcəklər. Hesab edirəm biz nəinki öz haqlı tələblərimizdən geri çəkilməməli, əksinə tələb etməliyik ki, Ermənistan 30 illik işğala və xalqımıza münasibətdə etdiyi vəhşiliklərə, Xocalı soyqırımına görə Azərbaycandan rəsmi üzr istəsin və təzminat ödəyəcəyini bəyan etsin. Azərbaycan ResQutb.azsının Prezidenti son vaxtlar bu barədə bir neçə dəfə çıxış edib. Ermənistan və tərəfdarları sülh istəyirsə Ermənistan Konstitusiyasını dəyişməli, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata uyğun olaraq Naxçıvana maneəsiz gediş-gəlişə imkan yaratmalı və tezliklə anklavların azad edilməsi məsələsinin müzakirəsinə başlamalıdır.
- Sülh sazişi, dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması sülhə təminatdırmı?
- Əlbəttə ki, yox. Rusiya-Ukrayna savaşı gözümüz önündə baş verir. Sülhə təminat milli birlik, güclü iqtisadiyyat, güclü ordu, güclü müttəfiqlər, qonşularla dostluq siyasəti yürütmək qabiliyyətidir. Dostluq siyasəti qonşularla münasibətdə qarşılıqlı mənafelərin nəzərə alınmasıdır. Amma bu ölkənin milli maraqlarından imtinası hesabına olmamalıdır.