Fransa məhkəməsi Roquebrune-cap-Martin kurortunda yerləşən “İrina Maria” villasının mülkiyyət hüququnu dondurub.
Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb. Bildirilir ki, villa rəsmi olaraq rus-erməni biznesmen Samvel Karapetyana məxsusdur, lakin Parisdəki prokurorlar hesab edirlər ki, onun əsl benefisiarı Rusiyanın neft-qaz nəhəngi “Qazprom”un törəmə şirkətidir.
“Fransa ədliyyə sistemi Ukraynada müharibə başlayandan bəri ən böyük uğurunu qazanıb”, - nəşr yazır.
Yerli əhali arasında “Villa del Mare” kimi tanınan villa 3 hektarlıq ərazidə yerləşir. Obyektə çoxmərtəbəli əsas binadan əlavə, üç hovuz, tennis kortu və helikopter meydançası da daxildir. Bu əmlakın ümumi dəyəri 120 milyon avro olaraq qiymətləndirilir.
“2016-cı ildə “Qazprom”un neft törəmə şirkəti olan “Qazprom Neft” villanı Samvel Karapetyana satıb. Bununla belə, “Junalco”nun ilkin araşdırması zamanı villanın faktiki olaraq “Qazprom Neft”in nəzarətindən çıxmadığını göstərən çoxlu faktlar üzə çıxıb”, - “Le Monde” yazır.
Jurnalistlərin təhlil etdiyi sənədlərə görə, Samvel Karapetyan “Qazprombank”ın verdiyi 115 milyon avroluq kredit hesabına “Qazprom Neft”dən “Maritime Villa Holding SNC” daşınmaz əmlak şirkətinin səhmlərini alıb. Sonuncu “Qazprom”a və Rusiya prezidenti Vladimir Putinin yaxın dostu sayılan Yuri Kovalçuka məxsusdur. Krediti villanın girovu müqabilində Rusiya bankı verib.
Samvel Karapetyan daşınmaz əmlak, tikinti, enerji və maliyyə sahələrində fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun prezidentidir. “Forbes” jurnalı sahibkarın sərvətini 2,7 milyard dollar qiymətləndirir. “Le Monde” yazır ki, Karapetyan biznesdəki uğurlarının böyük hissəsini “Qazprom”dan aldığı çoxsaylı müqavilələrə borcludur.
Tural