Nazirlər Kabineti 4 dekabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) verdiyi sağlamlıq sertifikatı qida məhsulunun qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan mənşəli məhsullar üçün heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edəcək.
xxx
Nazirlər Kabineti “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nı təsdiq edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıya süfrə zeytunu, eləcə də suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar, makaron, əriştə, kuskus və oxşar un məmulatları və kakao, şokolad və şəkərli şirniyyat məmulatları daxildir.
Siyahı qida (ərzaq) məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida (ərzaq) məhsularının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur.
Həmçinin xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida (ərzaq) məhsularının istehsalı (emalı) hesab edilmir.
xxx
Nazirlər Kabineti 31 may 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qərarında dəyişiklik edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gücü 240 MVt olan “Xızı-Abşeron” külək elektrik stansiyasının tikintisi məqsədilə Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,0052 hektar, Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 6,1763 hektar, Xızı rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 3,7665 hektar və Xızı rayonu Sitalçay Bələdiyyəsinin mülkiyyətində 18,8293 hektar olmaqla, ümumilikdə 36,7773 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Energetika Nazirliyinə “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq elektrik enerjisi istehsalçısının seçilməsi tapşırılıb.
Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.