"Maşınımda gəz, televizoruma bax, saqqızımı çeynə… Axırda da get milisə şikayət elə. Adımı oğru qoy!"
Bu sözlər hamımızın dönə-dönə izlədiyi “Bəxt üzüyü” filmindəndir. O, canlandırdığı hər bir obrazın öhdəsindən məharətlə gəlirdi. Bunun üçün onun yüksək aktyorluq istedadı və bacarığı var idi. Əbəs yerə ona Aərbaycanın Alen Delonu demirdilər ki… Ucaboy, xoşsimalı, gözəl aurası, özünəməxsus səs tembri, şaqraq gülüşü var idi.
Publika.az anım günü olan Azərbaycan teatr və kino sənətinin bənzərsiz aktyoru Rəfel Dadaşovu yad edir.
Rafael Dadaşov 1946-cı il yanvar ayının 4-də Zaqatala rayonunda iki böyük sənətkarın, aktyor Məlik Dadaşovun və aktrisa Sofiya Hüseynovanın ailəsində anadan olub. Heyif ki, bu sənətkar ailəsinin ömrü o qədər də uzun olmur. 1955-ci ildə balaca Rafaelin valideyinləri ayrılmaq qərarına gəlir. Naxçıvanda nənəsi aktrisa Xədicə Qazıyevanın himayəsində böyüyən Rafael Dadaşov orta məktəbi bitirəndən sonra Moskvada sirk üzrə rejissorluq fakültəsinə daxil olur. Oranı bitirəndən sonra sirkdə işləməyə başlayır. Rafael Dadaşov valideynlərindən fərqli olaraq heç vaxt aktyor olmaq istəməyib. Ancaq iş elə gətirib ki, Moskvadan Naxçıvana nənəsinin yanına gedib bir müddət orada nazirlikdə işləyib.
Görkəmli rejissor Tofiq Kazımov 1975-ci ildə Rafaeli teatra dəvət edərək, Don Juan rolunu ona havalə edir. O razılaşır, amma bir şərtlə, əgər, Don Juan rolu alınmasa, həmişəlik teatrdan uzaqlaşacaq. Böyük sənətkar övladı olmaq burda da öz sözünü deyir. Bu rol gənc Rafaelə böyük uğur gətirir və elə o gündən aktyor Akademik Milli Dram Teatrının truppasına daxil olur.
1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələrinin ən gözəl səhnələrini təqdim edib. Aktyor “Hamlet”, “Fedra”, “Müfəttiş”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Əliqulu evlənir”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Unuda bilmirəm”, “Ölülər” və bu kimi onlarla səhnə əsərində müxtəlif xarakterli yaddaqalan dramatik və tipik obrazlar yaradıb.
Rafael Dadaşov teatrda sevildiyi kimi televiziya və kino aləmində də hər zaman sevilən və arzulanan aktyorlardan olub.
Aktyorun çəkildiyi “Var olun, qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” bədii filimləri və “Qaçaq Süleyman” televiziya filmi, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Bağışla”, “Yollar görüşəndə”, “Topal Teymur”, “Ordan-burdan”, “Mənim günahım”, “Göz həkimi”, “İblis qadın”, “2-ci bahar”, “Sənə inanıram” kimi televiziya tamaşaları onu tamaşaçıya daha yaxından tanıdıb və sevdirib desək yanılmarıq.
Səhnə həyatı, yaradıcılıq yolu nə qədər uğurlu və işıqlı idisə, şəxsi həyatı bir o qədər əksinə olub. Rafael Dadaşov öz əmisiqızı Sədaqət Dadaşova ilə ailə həyatı qurub. Bu evlilikdən onların üç övladı dünyaya gəlib. Lakin, bir müddət sonra aktyorun xanımı onu tərk edərək evdən gedir və başqa bir insanla ailə həyatı qurur. Bu gediş onun üçün böyük zərbə olsa da, o, ikinci dəfə ailə həyatı qurmur, bütün ömrünü övladlarına həsr edir. Ailəsinə, övladlarına olan sevgisi gözlərindən oxunardı. Çox qayğıkeş ata idi Rafal Dadaşov.
“Heç kim insan qədər yüksələ bilməz və heç kəs insan qədər alçala bilməz. Zaman göstərir, kim yüksəlir, kim alçalır. Mənim ömrüm hədər getməyib”, - deyirdi Rəfael Dadaşov.
Yaradıcılığındakı uğurlarına və səmərəli fəaliyyətinə görə Rafael Dadaşov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, uzun müddətdən sonra, 2006-cı ildə Xalq artisti fəxri adlarına, 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü olub.
“1996-cı ildə Heydər Əliyev anamı "Şöhrət" ordeni ilə təltif etmişdi. O zaman mən ordeni əlimdə tutdum və baxdım, baxdım. Sonra öpdüm anamı. Bir söz dedi: “Sənə də qismət olsun”. Və bu gün mən bunu əlimdə tutub, hiss edirəm ki, ömür boşa getməyib”, - belə sevinirdi Rəfael Dadaşov "Şöhrət" ordeni alanda.
O, ömrünün son illəri ürək xəstəliyindən əziyyət çəkirdi. Elə bu dünyadan köç etməyinə də məhz xəstəlik səbəb oldu. Aktyor 2020-ci il martın 16-da 74 yaşında vəfat edib.
“Həyat qısa – sənət əbədidir” deyiblər. Bu deyimi Rafael Dadaşova şamil etsək görərik ki, doğurdan da belədir. Xalq artisti, Azərbaycanın sevimli və bənərsiz Alen Delonu sənət, səhnə, kino var olduqca xatırlanacaq, baxılacaq, seviləcək və hörmətlə yad olunacaq.
Cəmilə Hətəmxanova