Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin Rusiyanın Xankəndində 2024-cü ilin sonunadək konsulluq açmasının vacibliyindən danışıb. Bu məsələyə münasibətinizi bilmək istərdik.
- Qriqori Karasin ola bilsin öz arzusunu, yaxud Rusiya hökumətinin istəyini ifadə edib. Mən də hər zaman düşünürəm ki, biz niyə indiyə qədər soydaşlarımızın yaşadığı Dərbənddə, yaxın qonşumuz Dağıstan Respublikasında Azərbaycanın baş konsulluğunun açılması məsələsini gündəmə gətirməmişik. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu kimi məsələlər deputatlar səviyyəsində həll olunmur. Karasin də bunu bilməmiş deyil. İlk öncə Xankəndi qaçqın və məcburi köçkünlərlə məskunlaşdırılmalıdır. Türkiyə də Şuşada konsulluq açmaq istəyir. Məskunlaşma başa çatandan sonra Rusiya hökumətinin belə bir arzusu olarsa, bu məsələnin hökumətlər səviyyəsində müzakirə olunması daha məntiqli olardı.
- Karasinin bu açıqlamasından narahatlıq keçirənlər də var. Siz necə ?
- Hazırda Rusiya-Azərbaycan münasibətləri 2020-ci ilə qədərki dövrlə müqayisədə daha isti, səmimi və güvənlidir. 2022-ci ildə Moskva Bəyannaməsi ilə əlaqələrimiz daha yüksək - müttəfiqlik münasibətləri səviyyəsinə qədər qaldırılıb. Xalqımız bunu normal qarşılayır və münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarıdır. Rusiya Xankəndində konsulluq açmaq istəyirsə, bu müzakirə olunacaq. Burda təhlükəli heç nə görmürəm. Həm də bu elə məsələdir ki, belə məsələlərdə Prezidentə güvənmək, onun doğru qərar qəbul edəcəyinə inanmaq lazımdır.
- Prezidentin əhv sərəncamını necə qarşıladınız?
- Çox yaxşı. Əhvin şamil olunduğu şəxsləri, yaxınlarını təbrik edirəm və istərdim onlar bir də heç zaman qanunları pozmasınlar. Amma hər zaman deyirəm ki, əhv etmək hüququndan müstəsna hallarda istifadə olunmalıdır. Məhkumların cəzadan vaxtından əvvəl azad olunması və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz olunması məsələsinə Konstitusiya ilə ədalət mühakiməsini həyata keçirən orqan məhkəmələr baxmalıdır. Bunun üçün qanunvericilikdə hüquqi mexanizmlər var. Xüsusi hallarda Prezident öz müstəsna səlahiyyətindən istifadə edib prezidentliyi dönəmində xalqımız qarşısında xüsusi xidmətləri olan bir-iki nəfəri cəzadan azad edə bilər. Düşünürəm bunun üçün əhv komissiyasına da ehtiyac yoxdur və bu komissiya ləğv olunmalıdır. Əhv etmək hüququndan geniş istifadə olunmamalıdır. Ölkəmizin həyatında əlamətdar hadisə baş verərsə Milli Məclis tərəfindən amnistiya akı qəbul oluna bilər. Qarabağ üzərində dövlət suverenliyinin bərpası ilə əlaqədar amnistiya aktının qəbulunu zəruri hesab edirdik. Bu baş vermədiyi üçün geniş əhvi müsbət qarşıladıq. Çoxsaylı əhvlər və amnistiyalar dövlətin cəza siyasətinə zərər vurur və birmənalı olaraq humanizm aktı kimi qəbul olunub alqışlana bilməz.