2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Biləcəri və Xocəsən qəsəbələrində seçicilərlə görüş keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Fikrət Əliyev, Bəhram Şiriyev, qazi Zakif Abbasov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan son 20 il ərzində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar əldə edib. Həyata keçirilən iqtisadi, siyasi, sosial islahatların uğurlu nəticələri olaraq dövlətimizin qüdrəti daha da artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb. Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbə ilə tarixi torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz tam bərpa edilib. Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar. Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər, Müzəffər Ali Baş Komandan, xalqımızın qəhrəman oğlu, əsl siyasi lider İlham Əliyevə səs verəcəklər. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.