Şəkidə mədəni-kütləvi tədbirlər tez-tez keçirilir. Ancaq Bəxtiyar Vahabzadəyə həsr olunan, unudulmaz şairin anadan olmasının100 illiyi, onun yaradıcılığı ilə bağlı olan tədbirlər Şəkiyə xüsusilə daha çox qonaq cəlb edir. Belə tədbirlər ölkənin hansı guşəsində keçirilirsə, orada insanlar tərəfindən böyük maraqla qarşılanır.
Qutb.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev Şəkidə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş konfransda deyib.
Milli Məclisin deputatı bildirib ki, Bəxtiyar Vahabzadə, onun arzuları, diləkləri, bütün ideyaları təkcə Şəkiyə, öz doğulduğu şəhərə yox, bütün Azərbaycana, Türk dünyasına məxsusdur. “Bu gün ona görə biz xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib. Azərbaycan öz müstəqilliyini əldə edib, türk dövlətləri Türk dünyası miqyasında inteqrasiya prosesinə başlayıb və çox böyük uğurlar əldə olunub. Bütün bunlar Bəxtiyar Vahabzadənin ən əziz ideyalarından, arzularından, diləklərindən idi və onların hamısı bu gün həyata keçib. Daha bir qismi də Türk dünyasının inteqrasiyası prosesində uğurla həyata keçməkdədir”,- deyə C.Feyziyev əlavə edib.