30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Bakıda ad günündən sonra dəhşətli qətl: Anasını söydüyü üçün ögey atasını...

01 iyl 2024 11:00
GÜNDƏM
ads

Bakının Binəqədi rayonunda 2002-ci il təvəllüdlü Bəhruz anasının qeyri-rəsmi münasibətdə yaşadığı Cəfəri (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bəhruz 2023-cü il mayın 8-də bacısı qızının doğum günü ilə əlaqədar təşkil olunmuş məclisdə spirtli içki qəbul edib. O, orta dərəcəli sərxoşluq halında kirayədə yaşadığı evə gəlib.

Bəhruz həmin gün saat 21:50-də sözügedən məclisi video-qeydə alan tanışları Əhmədin xidmət haqqını tələb etdiyi zaman anası ilə qeyri-rəsmi nikah münasibətlərində yaşamış Cəfərlə, o cümlədən onlara irad bildirən anası Nigar ilə qeyri-etik ifadələrlə danışmasına əsəbiləşib. O, hər ikisinə başqa yerdə mübahisə etmələri barədə xəbərdarlıq edib.

Bu zaman Cəfərin üzünə qarşı anası və bacısı barədə küçə söyüşləri məzmunlu təhqiredici ifadələr işlətdiyi üçün evin mətbəxindəki dolabdan götürdüyü bıçaqla ona zərbələr vurub. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Cəfər vəfat edib.

“Müalicə almışam”

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz bildirib ki, 2002-ci il tarixdə Xaçmaz rayonunda anadan olub, 2006-cı ildə Xaçmaz rayonunda tam orta məktəbin birinci sinfinə daxil olub, iki il sinifdə qalaraq yenə də birinci sinfi oxuyub: “Təxminən 8 yaşında Quba rayonunda olduğum zaman yıxılaraq başım daşa dəydiyi üçün travma almışam. Bundan sonra məndə psixi problemlər yaranmağa, gözümdə torlanma əmələ gəlməyə başladı. Xəstəliyim ilə əlaqədar hərbi xidmətdə də olmamışam. Quba rayon ruhi əsəb dispanserində qeydiyyatdayam. Bir neçə gün stasionar müalicə almışam”.

“Məni və anamı təhqir edib”

Bəhruz qeyd edib ki, təxminən 2010-cu ildə anası Nigar atası Vəlidən boşanıb: “Atam və anamın birgə nikahlarından məndən başqa bacım Xədicə də olub. Anamla atam boşandıqdan sonra anam, bacım və mən birlikdə Bakı şəhərinə köçdük. Təxminən 2016-cı ildə anam Cəfərlə ər-arvad kimi yaşamağa başladı. Onların birgə münasibətindən 2013-cü təvəllüdlü Kamal doğuldu. Anam, Kamal, Cəfər və mən birlikdə kirayədə yaşamışıq. Əvvəllər Cəfərlə münasibətlərim yaxşı olub. Cəfər spirtli içki aludəçisi olduğu üçün tez-tez evdə dava-dalaş salıb. Məni və anamı nalayiq söyüşlərlə təhqir edib. Bu səbəbdən Cəfərlə münasibətim yaxşı olmayıb”.

“Pula ehtiyacı olduğunu bildirdi”

Təqsirləndirilən şəxs deyib ki, təxminən qətl hadisəsindən 5 ay əvvəl Xətai rayonu, NZS qəsəbəsində yaşadıqları zaman Cəfər anasını təhqir etdiyi üçün ondan Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə şikayət edib: “8 may 2023-cü ildə bacım qızının doğum günü olub. Ailə üzvlərim ilə birgə onun doğum gününü Nəsimi metrosunun yaxınlığında yerləşən “Ocaq Qəbələ” restoranında qeyd etdik. Həmin məclisdə anamın iş yoldaşları, xalam, bacım Xədicə, Kamal və Cəfər də iştirak edib. Məclisi video-çəkilişlə qeydə alması üçün NZS-də yaşadığımız vaxtlarda qonşumuz olmuş kamera çəkən kimi fəaliyyət göstərən Əhmədi dəvət etdim. Ad günü məclisi təxminən saat 16:00-da başladı və 21:00-da qurtardı. Məclisdə biz spirtli içki qəbul etmişik. Lakin narkotik maddə istifadə etməmişdim. Əhməd tamamilə sərxoş vəziyyətdə olmuşdu. Məclis qurtaranda Əhməd Cəfərdən zəhmət haqqı kimi təxminən 70 manat pul istədi. Cəfər Əhmədə gözləməsini, evə dəyib pulu verəcəyini bildirdi. Anam Əhmədə indi üzərində 25 manat pul olduğunu, qalan 45 manat pulu isə sabah verəcəyini bildirdi. Bu zaman Əhməd ona acıqlandı. Anam əvvəlcə Əhmədi taksi ilə yola salmaq istəsə də, Cəfər razılaşmayaraq, kameranın içərisində məclisin video-görüntüləri olduğunu, içkili olduğu üçün kameraya nəsə edəcəyindən narahat olduğunu bildirdi. Cəfərin təklifi ilə razılaşaraq Əhməd yerdə qalan pulu almaq üçün bizimlə birgə evimizə gəldi. Biz piyada evə getdik. Təxminən saat 21:30-da biz evin həyətinə daxil olduq. Anam və Kamal evin içərisinə keçdilər. Biz isə evin həyətində mətbəx kimi istifadə etdiyimiz hissədə dayanaraq söhbət etdik. Anam çölə çıxaraq mətbəxdə qabları yuyarkən Əhmədlə Cəfərin mübahisə etdiklərini gördü və onlara asta danışmaları barədə xəbərdarlıq etdi. İçəridən eşitdim ki, Əhməd Cəfərə “pulumu ver, mən evə getmək istəyirəm” deyir. Cəfər isə “sən bizim dostumuz kimi məclisin videosunu çəkmisən, pulunu verməyəcəm” dedi. Əhməd iki uşağının olduğunu, onun da pula ehtiyacı olduğunu bildirdi”.

“Anamı və bacımı söyməyə başladı”

Bəhruzun sözlərinə görə, daha sonra Cəfər Əhmədə nalayiq söyüşlər söyməyə başlayıb: “Mən anamın onları sakitləşdirmək istədiyini eşitdim. Lakin Cəfər anamı da söyməyə başladı. Cəfər anamı söydüyünə görə çölə çıxdım. Cəfərə Əhmədin pulunu verərək yola salmasını bildirdim. Cəfər isə mənə “sən qarışma, get içəri” dedi. Mən həm Cəfəri, həm Əhmədi itələyərək onları çölə çıxartmağa çalışdım. Onlara başqa yerdə söhbət etmələrini bildirdim. Bu zaman Cəfər üzümə qarşı anamı və bacımı söyməyə başladı. Cəfər anamı və bacımı söydüyü üçün onunla yaxalaşmağa başladım. Cəfər söyüş söyməkdə davam etdiyi üçün mətbəxdə olan şkafdan bıçaq götürdüm və Cəfərin üzərinə getdim. Ona başqa yerdə mübahisə etməsini bildirdim. Lakin Cəfər heç yerə getmədi”.

“Bıçaqla zərbə atdım”

Bəhruz deyib ki, əsəblərini cilovlaya bilməyib və həmin bıçaqla qollarına xəsarət yetirməyə başlayıb: “Lakin Cəfər yenə də mənimlə təhqiramiz sözlərlə danışdı. Mənə “qələtini elə, yaxşı eləyib söyürəm” dedi. Qollarıma xəsarət yetirdikdən sonra Cəfər hələ də söyüş söydüyü üçün yenə də onu itələdim. Həmçinin həmin vaxt Əhməd də əsəbi şəkildə “qurtarın, gedim” dedikdə anamın yanında söyüşlə danışdığı üçün sağ yumruğum ilə onun sağ qoluna yumruq zərbəsi vurdum. Anam isə bizi sakitləşdirməyə çalışdı. Bundan sonra bıçağı sağ əlimdə tutaraq Cəfərin üzərinə getdim. Cəfəri evin həyətindəki beton dayağa sıxaraq onu qorxutmaq üçün dayanmadan söyüş söydüyünə görə özümdən çıxdım. Buna görə də söyüş söyməyi dayandırması üçün ölüb-ölə bilməyəcəyini hesablaya bilmədən sol əlim ilə boğaz nahiyəsindən tutdum və sağ əlimdəki bıçaqla bir neçə dəfə onun bədən nahiyəsinə doğru zərbə atdım. Lakin həmin zərbələr deyəsən ona dəymədi. Əgər dəyibsə də, adi qaydada bədənini cızmış ola bilər”.

“Ürək nahiyəsinə doğru bıçaq zərbəsi atdım”

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra geri çəkilsə də, Cəfər yenə də söyüş söyə-söyə üzərinə doğru gəlib, onu arxaya doğru itələyib: “Bir qədər geriyə gedərək yıxıldım. Bundan sonra Əhməd hələ də ünvansız formada “belə işə” deyə söyüş söydüyü üçün əsəblərimi cilovlaya bilmədim. Onu yerə yıxdım, yumruq və təpik zərbəsi vurdum. Lakin konkret olaraq bədəninin hansı nahiyələrinə və necə vurduğumu dəqiq xatırlamıram. Həmin vaxt Cəfər yenə də üzərimə gəldi. Mən Cəfərə çoxsaylı xəbərdarlıq etməyimə baxmayaraq söyüş söydüyü üçün artıq bezdim. Cəfəri öldürmək məqsədilə onun ürək nahiyəsinə doğru bıçaq zərbəsi atdım. Həmin bıçağın ona dəydiyini zənn edirəm. Cəfər bundan sonra iki-üç addım irəlilədi və yerə yıxıldı. Hadisə vaxtı özümdən çıxmışam. Mənə elə gəlir ki, bıçağı bağ sahəsinə doğru atmışam. Ola bilsin ki, anam mən huşumu itirdikdən sonra yenidən özümə və ya Cəfərə hər hansı xəsarət yetirməsin deyə bıçağı götürərək həmin şkafın üzərinə qoyub. Cəfər yıxıldıqdan sonra qorxudan mən də huşumu itirdim”

“Mənə “ölməmişəm qorxma” dedi”

Bəhruz qeyd edib ki, qısa müddət sonra anası onu ayıldıb və ayağa qalxaraq Cəfərin yanına keçib: “Cəfərə yardım göstərmək istədim. Həmin vaxt “kömək edin, Cəfərdən qan axır” deyə qışqırdım. Bu zaman Kamal köynək gətirərək verdi. Həmin köynəyi Cəfərin yarasının üzərinə doğru sıxdım ki, qanı axmasın. Anama dedim ki, təcili yardıma xəbər versin. Anam da 103 xidmətinə zəng edərək məlumat verdi. Bundan sonra isə Cəfəri götürərək evin içərisindəki, evə daxil olan kimi sağdakı yatağın üzərinə uzatdıq. Mən Cəfəri evin içərisinə apardıqda o, hələ də yaşayırdı. Bu zaman mənə “ölməmişəm qorxma” dedi və qısa müddət ərzində keçindi. Cəfəri evə gətirdikdən sonra Əhməd heç nə demədən evdən getdi. Bir müddət sonra hadisə yerinə həkim briqadası gəldi və Cəfəri müayinə edərək öldüyünü bildirdilər”.

“Özünü bıçaqla kəsdiyini dedim”

Təqsirləndirilən şəxs deyib ki, hadisə zamanı Cəfər ondan aman diləməyib: “Əksinə vurmağa cəhd etdikcə mənə qarşı nalayiq söyüşlər söydü. Bizim aramızda sözlü mübahisə təxminən 1- 2 dəqiqə, bıçaqdan istifadə edərək Cəfəri vurmağa cəhd etməyim və vurmağım təxminən 3-4 dəqiqə davam etdi. Əhməd də söyüşlü ifadələrdən istifadə etdiyi üçün onu yumruq və təpik zərbələri ilə vurmuşam. Ona qarşı bıçaqla və ya digər formada hədə-qorxu gəlməmişəm. Əhmədi öldürmək və ya yaralamaq niyyətim olmayıb. Nə Əhməd, nə də Cəfər məni vurub və ya vurmaqla hədələyiblər. Hadisə vaxtı Kamal evin içərisində olub və hadisə baş verəndən sonra kömək istədiyim üçün cırıb atdığı köynəyini gətirərək mənə verib. Həmin vaxt Kamal məndən nə olduğunu soruşduqda, Cəfərin içkili olduğu üçün bilmədən özünü bıçaqla kəsdiyini dedim. Ona Cəfəri bıçaqla vurduğumu bildirmədim. Tez-tez Cəfərlə mübahisə etdiyimiz üçün Kamal ümumiyyətlə çölə çıxmayıb, mənim sözümə inanıb”.

Ögey atasını öldürdü, cəzadan azad edildi

Bəhruz deyib ki, əvvəllər törətdiyi oğurluq cinayəti ilə əlaqədar Binəqədi rayon Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. O, hadisədən bir az əvvəl azadlığa çıxıbmış. Əlavə edib ki, narkotik vasitələrdən istifadə etsə də, bununla bağlı onun barəsində hüquq-mühafizə orqanlarında araşdırma aparılmayıb.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyi məlum olub. Bu səbəbdən Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Hökmə əsasən Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur