Azərbaycanda dələduzluq etməkdə ittiham olunan Samil Kamil oğlu, Fərəhim Səfərov və Yelena Kudinovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Samil Kamil oğlu bildirib ki, ona ittiham aktı verilməyib. O, cinayət işi ilə tanış ola bilməyib.
Dövlət ittihamçısı Eldar Həmzə bildirib ki, cinayət işinin həcmi həddindən artıq böyük olduğu üçün onun özü də işlə tam tanış olmayıb. Dövlət ittihamçısı həmçinin deyib ki, təqsirləndirilən şəxs də işlə tanış olmayıb, Cinayət Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxsin də cinayət işi ilə tanış olmaq hüququ var. Bu səbəbdən dövlət ittihamçısı hazırlıq iclasının təxirə salınmasını istəyib.
Hakimlər hazırlıq iclasının davamını avqustun 5-dək təxirə salıblar.
İttihama görə, təqsirləndirilən şəxslər 7 milyon manatdan çox vəsait dələduzluq yolu ilə ələ keçiriblər. Onlar mehmanxanalar, "Sədərək" ticarət mərkəzi, digər iaşə obyektlərində ƏDV-ləri qanunsuz olaraq leqallaşdırıblar.
İstintaq sənədlərinə görə, təqsirləndirlilən şəxslər müxtəlif şirkətlərdə işləyiblər.
Qeyd edək ki, cinayət işi üzrə Səbuhi Aşur oğlu Məmmədov, Məhəmməd Fərman oğlu Babayev, Taleh Cəmil oğlu Muradov zərərçəkmiş qismində tanınıblar.
Bundan əlavə, Maliyyə Nazirliyi də zərərçəkmiş qismində işə cəlb olunub.
Zərərçəkmişlərdən biri Taleh Muradov "Sabah" futbol klubunun müəllimi olub.
Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurma) maddəsi ilə təqsirli biliblər.
Bundan əlavə, Samil Kamilli əlavə olaraq Cinayət Məcəlləsinin 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.
Qeyd edək ki, bu cinayət işi üzrə bir neçə nəfərin cinayət işi ayrıca icraata verilib.