Bakının Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli 121 ünvanında yerləşən və “Radio Mərkəzi” kimi tanınan bina sökülmə təhlükəsi ilə üz-üzədir.
Publika.az xəbər verir ki, bununla bağlı paytaxt sakinləri məlumat paylaşıblar.
Tikili ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə Report sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, “Radio Mərkəzi” kimi tanınan bina tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil.
Dövlət Xidməti binanın reyestrə daxil edilməsinin nəzərdən keçiriləcəyini elan edib.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə müvafiq sorğuya cavab olaraq qeyd edilib ki, komitənin yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəsib bəy Yusifbəyli 121 ünvanında yerləşən və “Radio Mərkəzi” kimi tanınan binaya baxış keçirilib:
“Binanın bəzi hissələrində söküntü faktı aşkarlanıb. XX əsrin əvvəllərində inşa edilən binanın memarlıq əhəmiyyəti nəzərə alınaraq, Baş İdarə tərəfindən işlərin dayandırılması ilə əlaqədar və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib”.
Xatırladaq ki, “Radio Mərkəzi” adı ilə tanınan həmin bina 1930-cu illərin memarlıq nümunələrindən biridir.