Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini əlaqə kanalları vasitəsilə çatdırıb.
Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb.
Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin labüd olduğunu bildirib.
Qutb.az xəbər verir ki, bir çox xarici dövlət rəsmləri sülh sazişi ilə bağlı açıqlamara reaksiya verməyə davam edir.
Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stiven Dauti: "Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatması on illərlə davam edən münaqişəyə son qoyacaq tarixi məqamdır. Davamlı sülh arzusu göz qabağındadır: hər iki tərəfi müqaviləni möhkəmləndirmək üçün onu mümkün qədər tez imzalamağa çağırıram".
Almaniyanın xarici işlər naziri Annalenna Berbok bəyan edib ki, Berlin Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını alqışlayır. “Sülh sazişi ilə bağlı əldə edilən razılaşma ümidvericidir”, – deyə Berbok qeyd edib.
Monteneqro Xarici İşlər Nazirliyi: "Monteneqro Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişi layihəsini yüksək qiymətləndirir. Bu, regionun sabitliyinə, Avropa və qlobal təhlükəsizliyə böyük töhfədir. Monteneqro sülh, təhlükəsizlik, sabitlik və iqtisadi rifah məqsədlərinə çatmaq üçün hər iki dost ölkə ilə tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə və onlarla sıx əməkdaşlığa ümid edir".
İtaliya Xarici İşlər Nazirliyi: İtaliya Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını, eləcə də münasibətlərin bərpasını alqışlayır. İtaliya hökuməti regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş normallaşma prosesini dəstəkləməyə davam edəcək.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto: "Ukraynada davam edən müharibədən başqa, təəssüf ki, dünyada hələ də kifayət qədər münaqişə var. Lakin onlardan biri hazırda görünən odur ki, həll olunmağa doğru gedir. Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin mətninə bu gün azərbaycanlı həmkarım və dostum Ceyhun Bayramovdan aldığım məlumata əsasən, razılıq əldə olunub. Təbii ki, bu, hələlik sülh prosesinin sonu demək deyil, lakin Cənubi Qafqaz regionunda yaşayan insanların dinc və sakit həyat imkanını yenidən qazanması üçün çox vacib bir addımdır. Bu inkişafı məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma gerçək sülh müqaviləsi ilə nəticələnəcək".
BMT baş katibinin mətbuat katibinin Stefan Düjarrik: BMT Baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan arasında keçirilən müzakirələri alqışlır. Baş katib Ermənistan və Azərbaycanın sülh sazişinin layihəsi üzərində danışıqların başa çatması ilə bağlı açıqlamalarını təqdir edir. O, tərəflərin münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə etmələrindən məmnundur və regionda uzunmüddətli sülhün maraqlarına uyğun olaraq bütün həll olunmamış məsələlərin həlli üçün onların səylərini güclü şəkildə dəstəkləyir”.
BƏƏ Xarici İşlər Nazirliyi: BƏƏ Azərbaycan - Ermənistan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova: Rusiya iki ölkə arasında sülh danışıqları və dövlətlərarası əlaqələrin qurulması üzrə razılaşma əldə olunmasını alqışlayır. Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi Bakı ilə İrəvan arasında əlaqələrin hərtərəfli normallaşması yolunda atılmış bu vacib addımı dəstəkləyir. Moskva gələcəkdə də sülh prosesi, sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və digər humanitar aspektlər kimi Azərbaycanla Ermənistan arasında qalan məsələlərin həllinə hər iki tərəf üçün məqbul sayılacaq həddə dəstək verməyə hazırdır. Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev müvafiq müzakirələrin aparılması üçün Bakı və İrəvana səfər etməyə hazırdır. Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin sülh sazişinin imzalanması məsələləri üzrə danışıqların aparılması üçün məkan təklif etdiyini təsdiq edir.
NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina: Bu, çox gözəl xəbərdir. Mən üç il ərzində NATO-nun regiondakı xüsusi nümayəndəsi kimi Cənubi Qafqazda baş verən prosesləri yaxından izləyirəm. Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq bu böyük nailiyyət münasibətilə tərəfləri təbrik edirəm.
İran da sülh sazişi üzrə əldə olunan anlaşmanı təqdir edir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai danışıb. O, İranın Ermənistan və Azərbaycan arasında sülh sazişinin müddəalarının razılaşdırılmasını təqdir etdiyini bildirib. Nazirlik rəsmisi bu addımı Cənubi Qafqazda uzunmüddətli sabitliyin və sülhün bərqərar olması yolunda mühüm addım kimi dəyərləndirib. "Ümid edirik ki, tərəflər fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll edərək tezliklə sülh sazişini imzalayacaq və bunun nəticəsində regionda davamlı sülh və sabitlik təmin olunacaq", – Bəqai vurğulayıb.
Braziliya Xarici İşlər Nazirliyi: “Braziliya hökuməti Ermənistan və Azərbaycan hökumətlərinin ölkələr arasında sülhü bərpa edəcək və ikitərəfli münasibətləri normallaşdıracaq saziş üzrə danışıqları başa çatdırdıqlarını elan etməsini alqışlayıb. Braziliya tərəfləri davamlı və dayanıqlı sülhə aparan yol kimi diplomatiya və dialoqa üstünlük verməyə davam etməyə çağırır və bu prosesin mümkün qədər tez başa çatacağına ümid etdiyini bildirir”.
İspaniya Xarici İşlər Nazirliyi: “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında əldə olunmuş razılaşma xəbərini İspaniya məmnuniyyətlə qarşılayır və ümid edir ki, bu bəyanat hər iki ölkə arasında yekun sazişin bağlanmasına gətirib çıxaracaq”.
Avropa İttifaqı da Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı verdiyi müvafiq bəyanatları alqışlayır. "Biz hər iki tərəfi son bir neçə ildə bu istiqamətdə həm ikitərəfli yolda, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları əzmkar işlərə görə alqışlayırıq", - bəyanatda qeyd edilib.
Gürcüstan Xarici İşlər Nazirliyi: "Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninin bütün 17 maddəsi üzrə danışıqların başa çatmasını alqışlayırıq. Bu, regionda dayanıqlı sülh və sabitliyə doğru tarixi addımdır!"
Çin Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan müsbət irəliləyişi alqışlayır. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq mətbuat konfransında bildirib. “Çin səmimi qəlbdən ümid edir ki, iki ölkə münaqişə və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll edə və regionda davamlı sülh, inkişaf və rifaha töhfə verə bilər”, - diplomat vurğulayıb.
Qazaxıstan Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib. "Əminik ki, əldə edilmiş razılaşmalar və bu tarixi sənədin imzalanması Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, həmçinin bütün Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi yolunda mühüm addım olacaq", - bəyanatda qeyd olunub. Nazirlikdən həmçinin bildirilib ki, Qazaxıstan möhkəm və uzunmüddətli sülhün təmin edilməsi üçün Bakı və İrəvan arasında konstruktiv dialoqun davam etdirilməsinə yönəlmiş səyləri dəstəkləyir.
Avropa Şurasının Baş katibi Alain Berset Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılması ilə bağlı açıqlamalarını alqışlayır: "Avropa Şurası Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını tam dəstəkləyir və xüsusilə insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə tam hörmətin təmin edilməsi məqsədi ilə hər iki üzv dövlətə öz dəstəyini və yardımını göstərməyə davam edəcəkdir".
Polşa Xarici İşlər Nazirliyi: "Varşava Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır".