02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Avropanın “səlib yürüşü”: Bakıya qarşı hücumun gerçək hədəfi nədir?

23 yan 2024 12:00
GÜNDƏM
ads

Qərbin Azərbaycana qarşı “səlib yürüşü”nün başladığı müşahidə edilir. Fransa Senatının məlum qətnaməsi, Avropa İttifaqının qondarma ittihamlar irəli sürməsi, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın səsinin dondurulması təşəbbüsünün gündəmə gəlməsi bu “yürüşün” tərkib hissəsidir. Məsələ nə insan haqları, nə də demokratiya deyil, məsələ erməni maraqlarının təmin edilməsi məqsədilə rəsmi Bakıya təzyiq etməkdir.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifi də Bakıya qarşı “səlub yürüşü”nün növbəti komponentlərindəndir. Bu məsələnin arxasında diqqət çəkən birdən çox məqam var:

- Azərbaycan nümayəndə heyətinin etimadnaməsini hansı əsasla ləğv etmək istəyirlər?
- Bununla bağlı təşəbbüsü kim irəli sürüb?
- Avropanın gerçək hədəfləri nələrdir?
- AŞPA hansı qüvvələrin “intriqalar poliqonuna” çevrilib?


Bu suallara cavab axtarışı izlərin daha dərinə getdiyini və prosesin arxasında məkrli oyunların oynandığını göstərir.

Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 4 iddia əsasında ləğv etmək istəyirlər:

- Guya Azərbaycanda “siyasi məhbus” var;
- Guya Qarabağdan “erməni sakinlər zorakılıqla çıxarılıb”;
- 2023-cü ildə AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri azı 3 dəfə baş tutmayıb;
- Azərbaycan fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməyib;


Bu iddiaların üçü – 1, 3 və 4-cü - əsas niyyətin kölgələnməsinə hesablanıb. Azərbaycanda “siyasi məhbusun olması” ittihamları artıq Qərb siyasətinin klassikləşmiş təzyiq rıçaqlarından biridir və indiyə qədər heç vaxt tutarlı arqumentə söykənməyib. AŞPA həmməruzəçilərinin səfəri, eləcə də seçkilərlə bağlı iddialar da əsassızdır. Seçki prosesi başladıqdan indiyə qədər Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçilərə dəfələrlə çağırış edib və Azərbaycanın seçki təcrübəsində qapılar xarici müşahidəçilərin üzünə həmişə açıq olub. Burada əsas məqam AŞPA da daxil olmaqla Avropa təşkilatlarının azad edilmiş ərazilərdə seçkini müşahidə etməkdən imtina etməsidir.

2-ci iddia - guya Qarabağdan “erməni sakinlər zorakılıqla çıxarılıb” – AŞPA da daxil olmaqla Avropa strukturlarının anti-Azərbaycan siyasətinin mahiyyətini təşkil edir. Və bu iddianın arxasında birdən çox qüvvənin maraqları gizlənir.

Qərbin “səlib yürüşü”nün hədəfi nədir?

Azərbaycanın Qarabağda erməni separatizmini ləğv edərək, suverenliyini tam bərpa etməsi həm bölgədə, həm də bu bölgəyə maraqları olan qüvvələrin balansında daşları yerindən oynadıb, xüsusilə Bakı-İrəvan sülh danışıqlarının inkişafı Cənubi Qafqazın siyasi mənzərəsini müəyyənləşdirəcək. Qərb sülh danışıqlarında təşəbbüsü ələ almaq və Cənubi Qafqazda mövqelərini gücləndirmək niyyətindədir, hərçənd, həlledici rolu Azərbaycan oynayır və rəsmi Bakı hansısa cəbhənin “əlinə oynamaq” niyyətində deyil. Qərb platformasında isə Ermənistanın maraqlarının açıq müstəvidə müdafiə olunur, masada erməni gündəliyini irəli sürülür və rəsmi Bakı buna görə danışıqların bu platformada davam etdirilməsinə qarşıdır. Qarabağda suverenliyimizin bərpasından sonra açıq müstəviyə keçən təzyiqin hədəfi də rəsmi Bakının milli maraqlara hesablanmış siyasətinin dəyişdirilməsinə hesablanıb, lakin Qərbin atdığı bütün daşlar qayaya rast gəlir.

- Fransanın Azərbaycana qarşı bütün təzyiqi nəticə vermədi, əksinə, Bakının əks-həmlələri Parisin bütün bölgədə uğursuzluğa düçar olmasına gətirib çıxardı;
- Ermənistan üzərindən danışıqlar prosesini pozmağa çalışsalar da, bu da effekt vermir, çünki rəsmi Bakı ikitərəfli formatı irəli sürüb və İrəvan fakt qarşısında qalıb;
- Zəngəzur dəhlizi məsələsini Azərbaycana qarşı kart kimi istifadə etməyə çalışdılar, Bakı bu dəhlizin İran marşrutunu, eləcə də Naxçıvana maneəsiz keçid prinsipini irəli sürməklə bu oyunu pozdu;


Bütün həmlələri boşa çıxan Qərb klassik qisas metodologiyasına qayıdıb: Azərbaycanı müxtəlif iddialarla ittiham edirlər, Avropa strukturlarında fəaliyyətini məhdudlaşdırmağı gündəmə gətirirlər, müxtəlif qətnamələr, qərarlar qəbul edirlər və s.

AŞPA-da anti-Azərbaycan təklifinin məhz Almaniya tərəfindən irəli sürülməsi də təsadüfi deyil, çünki bütün cəhdləri uğursuzluğa düçar olar Paris indi də Berlini Bakıya qarşı cəbhəyə qoşmaq, onun üzərindən irəliləmək niyyətindədir.

Qərbin məqsədi və bu məqsədə hesablanmış addımlarının analizi AŞPA-da, eləcə də digər strukturlarda Azərbaycana qarşı atılan addımların arxasında məhz Qarabağda suverenliyimizin bərpası və bunun yaratdığı reallıqların həzm edilməməsi dayandığını təsdiq edir. Və bu təzyiq siyasətində “piyada” rolunu həmişə olduğu kimi, erməni lobbisi və anti-Azərbaycan qüvvələr üzərilərinə götürüb.

Erməni lobbisi nə istəyir?

Bu qruplar ümid edirlər ki, Avropa strukturlarını Azərbaycana qarşı qaldırmaqla bölgədəki reallığı müəyyən qədər də olsa dəyişə biləcəklər, xüsusilə sülh danışıqlarında erməni maraqlarının qorunmasına nail olacaqlar. Ermənistan sərhədin delimitasiyası və kommunikasiyanın açılmasında öz iddialarını irəli sürsə də, Azərbaycanın bunu qəbul etməyəcəyini də anlayır. Və ən pis halda heç bir sülh əldə edilməyəcək ki, bundan əziyyət çəkən yenə Ermənistan olacaq. Ermənistan həm kommunikasiyanın açılmasını istəyir, həm də Azərbaycanın heç bir istəyini qəbul etmək niyyətində deyil. Bakını buna məcbur etmək üçün Qərbdəki erməni diasporu/lobbisi Avropanın xarici siyasətini yönləndirməyə çalışır. AŞPA da erməni lobbisi və anti-Azərbaycan qüvvələrin birləşdiyi əsas strukturlardan biridir. Bu baxımdan, qurumu Azərbaycana qarşı siyasətə qoşmaq onlar üçün o qədər də çətin deyil.

AŞPA-da anti-Azərbaycan şəbəkəsi

Erməni lobbisi, İslamofob və türkəfob qüvvələr, müxtəlif qrupların əlində alət olan siyasətçilər... AŞPA-da illərdir Azərbaycana qarşı çıxan şəbəkənin tərkibi “zəngindir”. 2001-ci ildən – Azərbaycanın bu təşkilata üzv olmasından indiyə qədər eyni şəbəkə Bakıya qarşı bəzən açıq, bəzən gizli şəkildə fəaliyyət göstərir. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center – ESİSC) bir müddət öncə yayımladığı araşdırmada AŞPA-dakı anti-Azərbaycan təbliğatı faktlarla ifşa olundu. (Oxu: http://www.esisc.org/upload/publications/analyses/11791/AC%2002.pdf ).

Ermənistanı müdafiə edən qüvvələr illər boyunca AŞPA-dakı əlaqələrinin köməyilə Azərbaycana qarşı amansız kampaniya aparır. Heç kim iddia etmir ki, Azərbaycan mükəmməl dövlətdir, lakin Ermənistanın Qarabağı qanunsuz işğalını müdafiə etmək məqsədilə yaratdığı gizli siyasi şəbəkə AŞPA-nı alət edib”, - araşdırmada deyilirdi.

Bu araşdırma 2017-ci ildə yayımlanıb. Azərbaycan torpaqlarında işğala son qoysa da, üzvləri zaman-zaman dəyişsə də, eyni şəbəkə eyni məqsədə xidmət edir. Aydındır ki, AŞPA-da Azərbaycana qarşı son çağırışların arxasında da bu şəbəkə dayanır.

Bundan sonra bir əsas məsələ var: AŞPA-da Azərbaycanın səsinin dondurulması ölkəmiz üçün nəyi dəyişəcək?

Bu sualın əslində yalnız bir cavabı mövcuddur: Heç nəyi!

1. Ermənipərəst qüvvələrin əlində alət olan AŞPA Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil;
2. Torpaqlarımız işğalda olanda bu və bu kimi qurumlarda fəaliyyət diplomatiya baxımından önəmli idi. Hərçənd, AŞPA heç vaxt işğalçı Ermənistana qarşı heç bir addım atmayıb, işğal siyasətini pisləməyib. Artıq Azərbaycan torpaqlarını azad edib və onsuz da heç nəyə yaramayan bu təşkilat bundan sonra Bakı üçün o qədər də maraqlı deyil
.

AŞPA-da Azərbaycanın səsi dondurulacağı təqdirdə, rəsmi Bakının cavab addımı ilə üzləşə bilər: Azərbaycan nümayəndə heyətinin təşkilatda fəaliyyəti dayandıra bilər; Azərbaycan İnsan Haqları üzrə Avropa Məhkəməsindən də çıxa bilər;

Və təbii ki, Avropa strukturları ilə əlaqələrin məhdudlaşdırılması bütövlükdə Avropa İttifaqının Cənubi Qafqazdakı siyasətinə mənfi təsir edəcək, çünki bölgədə proseslərə yön verən Azərbaycandır.

Asif Nərimanlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur